“İran Azərbaycanla iqtisadi, siyasi, mədəni və ticari əməkdaşlığın artırılmasını alqışlayır”.
Bu sözləri Tehranda səfərdə olan Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə ötən gün keçirilən görüşdə İran Prezidenti İbrahim Rəisi deyib.
İ.Rəisi həmçinin Tehran-Bakı münasibətlərinə toxunaraq qeyd edib ki, İranın prinsipial mövqeyi bütün ölkələrin, o cümlədən Azərbaycanın birliyi və ərazi bütövlüyünü dəstəkləməkdir:
“İran və Azərbaycan arasında qarşılıqlı maraqlara əsaslanan konstruktiv münasibətlərin mövcudluğu regional təhlükəsizliyin qorunması və gücləndirilməsinə böyük töhfə verir. İran və Azərbaycan arasında qonşuluqdan daha çox ortaq mədəni və qohumluq əlaqələri mövcuddur. Ona görə də iki ölkə arasında yaxın münasibətlərə xələl gətirməyə çalışan hər hansı amilə yol verilməməlidir”.
Ş. Mustafayev isə öz növbəsində Prezident İlham Əliyevlə iranlı həmkarının Aşqabaddakı görüşünü xatırladaraq, bunu tarixi hadisə adlandırıb:
“Bu görüşlə iki ölkə arasında münasibətlərin tarixində yeni səhifə açılıb”.
Şahin Mustafayev Azərbaycanın İranla əməkdaşlıq şəraitində qaz mübadiləsi potensialını artırmaq və eyni zamanda Türkmənistandan Azərbaycana elektrik mübadiləsi layihəsini İran üzərindən həyata keçirmək istədiyini bildirib.
Mənbə: MEHR