• Ça. Noy 26th, 2024

İran “Əbabil”lə fillərin üzərinə” gedir – TƏHLİL + XƏRİTƏ/FOTO

ByYenigun.news

May 20, 2022

İranın xarici siyasəti çoxşaxəlidir və Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlişindən sonra Tehranın bölgədəki fundamental siyasətinin aktivləşdirilməsi zəruri hal alıb.

Əfqanıstan amili regional fürsətlər, buradan isə böyük maraqların təmin edilməsi üçün pəncərə olduğundan oyunçuların diqqət mərkəzindədir.

Ona görə də Əfqanıstana sərhəd ölkələr böyük maraqlar uğrundakı mübarizədə cəlbedici platformaya çevrilir, yəqin ki, İran buna görə də Tacikistanda (Düşənbədə) döyüş dronları istehsal edən fabriki açdı.

İranın bu gedişi həm də qlobal güclərin artan maraqlarına qarşı etnik birlik yaratmağa hesablanıb və bunun təməli dron fabriki ilə bərkidilir.

Hərçənd ki, İran-Tacikistan birliyi yaranmayıb, əlaqələr heç tərəfdaşlıq səviyyəsində də deyil, amma artıq status-kvodan çıxış üçün işlər görülür.

Dron fabriki ikitərəfli münasibətlərdə iqtisadi-ticari əlaqələri də genişləndirəcək, təsadüfi deyil ki, Tehran da, Düşənbə də ticarət dövriyyəsinin həcmini 121 milyon dollardan 500 milyon dollara qaldırmağı planlaşdırır.

Bu, İranın Çin, Hindistan və Əfqanıstandakı maraqlarını ehtiva edən böyük strategiyanın bir hissəsidir və bu elementlər Tehranın diqqətini şərqə doğru yönəltmək istəyi üzərində qurulur.

İran, görünür ki, “Nə Şərq, nə də Qərb” balanslı siyasətindən Şərqin xeyrinə qopur və strategiyasını Mərkəzi Asiya da daxil olmaqla Çin, Hindistan kimi yerlərdə dəqiqləşdirməyə üstünlük verir.

Hədəfə çatmaq üçün sarı simlərə toxunmaq zərurəti Tehran üçün lazımlıdır. Ona görə də İranın Tacikistanda “Əbabil-2” dronlarını istehsal etmək niyyəti iki farsdilli xalq arasında hərbi və müdafiə sahəsindəki əməkdaşlığın rəngini dəyişir.

İran bununla həm başqa ölkələrə hərbi texnika ixrac etmək imkanlarını nümayiş etdirir, həm də Tacikistanla hərbi-texniki əməkdaşlıq qurur. Tacikistan KTMT üzvü olduğundan İranın gedişi Rusiya ilə də müştərək maraqlar yaradacaq.

“Əbabil-2” dronları dünyanın qabaqcıl dronları siyahısında yer almır, hərçənd ki, hərbi məqsədlər üçün istifadə edilir və təbii ki, təhlükəsi də mövcuddur.

“Əbabil-2” İranın Mərkəzi Asiyada hərbi qüvvələr balansının bir hissəsi kimi istifadə olunmaq əzmini göstərəcək.  

Proseslər İranın Əfqanıstanla sərhədlərini qorumaq üçün yeni cəbhənin açılması, eyni zamanda İranın Tacikistana zəmanətçi kimi yiyələnmək istəməsi ilə müşayiət olunacaq.

İranın digər məqsədi “Taliban”ın yüksəlişini balanslaşdırmaqdır.

QEYD: Əbabil Qurani-Kərimdə adı keçən quşdur. “Fil” surəsinə görə, döyüş filləri ilə Kəbəni dağıtmaq üçün hərəkət keçən qoşunu əbabil quşları məhv edib.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir