Məlumat verdiyimiz kimi, Prezident İlham Əliyev rəqəmsal inkişaf və nəqliyyat nazirinə daha iki müavin təyin edib. Sərəncamlarla Samir Qaçay oğlu Məmmədov və Fərid Turab oğlu Əhmədov bu vəzifələrə təyin olunublar.
Oxu.Az müvafiq vəzifələrə təyin edilmiş şəxslərin dosyesini təqdim edir.
Samir Qaçay oğlu Məmmədov iyunun 15-də Bakı şəhərində anadan olub. 1993-1998-ci illərdə Xəzər Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil alıb. 2004-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarəedilməsi ixtisası üzrə magistr təhsili alıb. 2010-2016-cı illərdə Şotlandiyanın Edinburq Universitetində təhsil almış və Təhsildə İKT ixtisası üzrə doktorluq dərəcəsi alıb.
1993-1998-ci illərdə isə ABŞ-ın “Relief International” humanitar yardım təşkilatında müxtəlif vəzifələrdə çalışıb. 1998-ci ildə “Unocal Khazar Ltd.” neft şirkətində xüsusi layihələr üzrə koordinator vəzifəsində işləyib. 1998-1999-cu illərdə “Mobil Exploration & Producing Azerbaijan Inc.” şirkətində menecer vəzifəsində çalışıb.
1999-2006-cı illərdə ABŞ-ın “Relief International” humanitar yardım təşkilatının Azərbaycan nümayəndəliyinin direktor müavini, daha sonra direktoru vəzifəsində işləyib. 2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın idarəetmə qrupunun müdiri vəzifəsinə təyin olunub.
2008-2017-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi vəzifəsində çalışıb.
2017-2019-cu illərdə Bakı Mühəndislik Universitetində işləyib. 2019-cu ildə isə “Enginet İnvest” MMC-də direktor vəzifəsində çalışıb.
2021-ci ildən isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub.
Rus və ingilis dillərini bilir.
Ailəlidir.
Fərid Turab oğlu Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi (fərqlənmə) alıb.
2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olub, 2009-cu ildə Prezident yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olub və 2016-cı ildə həmin universitetin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
F. Əhmədov 2000-2004-cü illərdə “Ədalət” hüquq firmasında hüquqşünas, 2004-2006-cı illərdə Konstitusiya Məhkəməsi Aparatının Beynəlxalq hüquq şöbəsində böyük məsləhətçi, 2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.
O, 2009-2011-ci illərdə Oksford Universitetinin “Foreign Service” proqramında magistratura pilləsində beynəlxalq hüquq fənni üzrə seminar müəllimi, 2011-2015-ci illərdə ADA Universitetində hüquq sahəsi üzrə baş müəllim olub.
2015-2017-ci illərdə “Azərbaycan” Universitetinin rektoru, 2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.
2021-ci ildən nazir Rəşad Nəbiyevin müşaviridir.
Rus və ingilis dillərini bilir.