• Be. Noy 25th, 2024

Azərbaycan-Türkiyə qardaşlığı: dörd helikopterdən “F-16”ya, “Bayraktar”a, Şuşayadək – ŞƏRH + FOTO

ByYenigun.news

May 25, 2022

Tarixən Azərbaycanla Osmanlı və Türkiyə arasında qarşılıqlı yardımlaşma olub. Bütün çətin dönəmlərdə bu iki dövlət bir-birinə dəstək verib, arxa durub.

Ancaq bu, heç də həmişə tərəflərin arzuladığı kimi həyata keçməyib. 1918-ci ildə yenicə qurulan Azərbaycan Xalq Cümhuriyyətinə Qafqaz İslam ordusunun yardıma gəlməsini yada salmaq olar. Ancaq Osmanlı dövlətinin düşdüyü ağır vəziyyət qarşıya qoyulan məqsədin həyata keçməsinə mane olmuşdu. Həmin vaxt Nuru paşa ölkəsinə dönüb, 1920-ci il sentyabr ayının sonlarında Türkiyənin azadlıq mübarizəsinə qoşularaq Sarıqamış ətrafında döyüşlərə qatılıb. Nuru paşa Türkiyə ərazisinə keçmiş Azərbaycan milli süvari alayı ilə daxil olub. Onun qatıldığı döyüş uğurla nəticələnib. Azərbaycan süvari alayı 1920-ci il sentyabr ayının sonlarında Sarıqamışa nəzarəti ələ keçirib. 1920-ci ilin oktyabrında Nuru paşa Azərbaycan süvari alayı ilə artıq Ərzurumda olub.

Ovaxtkı beynəlxalq şərtlər Osmanlının, sonra isə Türkiyənin Azərbaycana yardımının qarşısını aldı.

Aradan illər ötdü. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdi və onu tanıyanlar arasında Türkiyə birincilərdən oldu.

Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdiyi ilk illərdə üzləşdiyi çətinliklərin aradan qalxmasına yardım üçün müraciət etdiyi ilk ünvan Türkiyə olub.

Ancaq ovaxtkı Cümhuriyyətin bu yardımı etməyə bir sıra baxımlardan gücü çatmadı.

Həmin dövrü bu günlərdə Türkiyənin sabiq baş naziri Binəli Yıldırım belə xarakterizə edib: “Vaxtilə Əbülfəz Elçibəy dörd helikopter istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Prezident Ərdoğan “Qarabağ sizin haqq işinizdir” deyə bildi. Ərdoğan deyə bildi ki, sizin başınıza gətirilənlər bizim də başımıza gətirilib: “Biz sizin yanınızdayıq”.

O illərdə Ermənistanın törətdiyi soyqırımından azərbaycanlı mülki əhalini xilas etmək istəyən Türkiyə yardım əlini uzada bilmədi. Amma indi Türkiyə tam Azərbaycanın yanındadır, ölkələrimiz arasında qarşılıqlı dəstək potensialı realizə olunur.

44 günlük müharibə və ondan sonrakı hadisələr sübut etdi ki, Türkiyə-Azərbaycan münasibətləri hazırda tarixinin yüksək zirvəsindədir. Tarix boyu bu iki dövlət bir-birinə heç vaxt bu qədər yaxın olmayıb, bir-birinə bu qədər arxa durmayıb.

Bu gün Prezident İlham Əliyev və Prezident Rəcəb Tayib Ərdoğanın yürütdüyü siyasət iki qardaş ölkə arasında münasibətlərin ən yüksək zirvəyə qalxmasını şərtləndirən əsas amildir.

Ölkə prezidentlərinin qarşılıqlı səfərləri, dövlət və regional əhəmiyyətli müxtəlif obyektlərin açılışında birgə iştirak etmələri, iki ölkə arasında münasibətlər dünya üçün örnək olacaq bir səviyyədədir.

Çünki nə Türkiyə, nə də Azərbaycan ötən əsrin 90-cı illərindəki ölkələrdir. Onda Azərbaycana dörd helikopter verə bilməyən Türkiyə “F-16” qırıcılarını Azərbaycanda yerləşdirməklə düşmənlərə göz dağı verir. “Bayraktar”ın səsini isə yəqin, işğalçı Ermənistanın hərbçiləri hələ uzun müddət unuda bilməyəcəklər.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın sayəsində Azərbaycan və Türkiyə öz taleyi, siyasəti, münasibətləri və s. məsələlərlə bağlı özləri qərar verən, maraqlarını, mənafelərini müdafiə etməyi və istənilən təzyiqə müqavimət göstərməyi bacaran güclü dövlətlərdir.

Türkiyə Azərbaycanla başladığı işi bu dəfə yarımçıq saxlamır. Prezident Ərdoğanın qətiyyəti və Qarabağ müharibəsində Azərbaycana dəstəyini örnək göstərmək olar. Türkiyə lideri Rize-Artvin Hava Limanının açılış mərasimindəki çıxışında bu barədə deyib ki, Türkiyənin imperializmə qarşı mübarizəsi Qarabağda da özünü göstərib.

Azərbaycan və Türkiyənin liderliyi ilə həyata keçən enerji xətlərindən hazırda Avropa enerji böhranı ilə üzləşməmək üçün yararlanır.

Bir vaxtlar Azərbaycana kredit vermək imkanı olmayan rəsmi Ankara rəsmi Bakı ilə birlikdə ən böyük layihələri maliyyələşdirir, kreditor olaraq iştirak edir.

Azərbaycanla Türkiyənin bir-birinə yaxınlaşmasına müxtəlif qüvvələr mane olublar. Artıq bu iki dövlətin ötən əsrlərdən qalma ideyalarının reallaşması üçün də maneələr aradan qalxır. Azərbaycan və Türkiyənin əməkdaşlığından regional və qlobal səviyyədə dövlətlər faydalana bilirlər. Buna Azərbaycan neftinin, təbii qazının Avropaya nəqli, tarixi “İpək yolu”nun bərpasında birgə fəaliyyəti, Bakı-Tbilisi-Qars dəmiryolu xətti və başqa lahiyələr də nümunədir.

29 il əvvəl humanitar məqsədlə helikopter verməyə risk etməyən Türkiyə Azərbaycan Respublikası ilə müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzaladı. Bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərində birgə quruculuq işlər görülür. Həmin bölgədə Türkiyə hərbçiləri atəşkəsə nəzarət edirlər. Azərbaycan-Türkiyə əlaqələrindən dostlar və mütərəqqi dünya şad olur, faydalanır, düşmən isə elə “çax-çax” edir.

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir