“Bizim mövqeyimiz 2014-cü ildən bəri dəyişməz olaraq qalır. Biz nə Krım, nə də Donbasdan imtina etməməliyik”.
Bu sözləri Oxu.az-a açıqlamasında Krım Tatar Xalqının Milli Məclisinin nümayəndəsi, Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin Kollegiya üzvü Qayana Yüksel deyib.
Xatırladaq ki, bir müddət əvvəl Krım Tatar Milli Məclisi adından bəyanat yayımlanıb. Bəyanatda Rusiya-Ukrayna müharibəsi çərçivəsində aparılan danışıqlarda Ukraynanın dövlət suverenliyinin Krım və Sevastopol daxil olmaqla bərpası tələb olunur.
Qayana Yüksel xatırladıb ki, Ukraynanın Krım yarımadası 2014-cü ilin fevral ayının sonunda işğal olunub və Donbassda da müharibə elə həmin ilin yayında başlayıb:
“Səkkiz il ərzində müxtəlif siyasətçilər nizamlanma üçün öz təkliflərini irəli sürdülər: “Gəlin Krımı icarəyə verək”, “Rusiyadan bu ərazilərə görə maddi təzminat tələb edək”, “Krım məsələsini 15-20 il təxirə salaq” və sair. Amma biz Krım tatarlarının məclisində heç vaxt bu təklifləri dəstəkləməmişik, Krımı heç vaxt hərraca çıxarmarıq. Krım, Donbass və digər müvəqqəti işğal olunmuş ərazilər Ukraynanın ayrılmaz hissəsidir və ölkənin ərazi bütövlüyü bərpa edilməlidir”.
Krım Tatar Milli Məclisinin nümayəndəsi vurğulayıb ki, indi bütün dünya Rusiyanın Krımı böyük hərbi bazaya çevirdiyinin şahididir.
“Ukraynanın cənubunu, xüsusən də Xerson vilayətini işğal etmək üçün əməliyyatlar məhz Krım istiqamətindən həyata keçirilirdi. Buna necə göz yummaq olar? Və başqa bir çox vacib məqam. Krım tatarları say etibarı ilə bir o qədər də çox deyillər. Krımın işğalına qədər 300 min idik. Bizim üçün işğalda olmaq ölüm kimidir. Xalqımız yox olmaq ərəfəsindədir. Bizə deyirlər ki, Qarabağ probleminin həlli 30 il çəkdi, Baltikyanı ölkələr bir neçə onilliklər Sovet işğalı altında olublar. Amma Krım tatarlarının belə bir vaxt ehtiyatı yoxdur”.
Q.Yüksel hazırkı müharibə şəraitində Ukraynaya beynəlxalq dəstəyin və Krım tatarlarına türk dünyasının dəstəyinin nə qədər hiss edildiyənə də aydınlıq gətirib.
“Bəli, Ukraynaya beynəlxalq dəstək göstərilir, baxmayaraq ki, o, yekdil və çox da operativ deyil. Amma Ukrayna süqut etsə, Rusiya daha da irəli gedəcək. Heç kim düşünməsin ki, o, oturub Moskva ilə nəyisə razılaşa biləcək. Bu baş verməyəcək. Rusiya dəhşətli iştahı və niyyəti olan təcavüzkardır.
Krım tatarlarına gəlincə, biz türk dünyasından müəyyən dəstəyi hiss edirik. Amma sizə düzünü deyim – bu, kifayət edəcək səviyyədə deyil. Görüləcək işlər var. Bununla belə, biz Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edən Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk. Ukraynadakı Azərbaycan diasporu çox fəaldır. Ukrayna vətəndaşı olan azərbaycanlılar Ukrayna Silahlı Qüvvələrinin tərkibində ən qaynar nöqtələrdə döyüşürlər”.
Nair Əliyev