• Şb. Noy 23rd, 2024

Bölgəyə sülh və inkişaf gətirmiş Zəfər

ByVuqar Ferzeliyev

İyn 1, 2022

Türkiyə Prezidenti Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalındakı çıxışında vurğulayıb: “Mən buraya NATO-nun Zirvə toplantısından gəldim. NATO-nun Zirvə toplantısında da məhz bu məsələləri müzakirə etdik, bunları dəyərləndirdik. Çox şükür, səmərəli görüşlərlə buraya gəldik. Amma dünyanın problemləri bitmir, dünyada həll ediləcək hələ çox problemlər var. Amma dik dursaq, möhkəm dursaq, bir olsaq, bərabər olsaq, Allahın izni ilə bunları həll edərik. İnşallah, mədəniyyət günəşimizi yenidən ən yüksək zirvəyə qaldıraraq, sülhü və ədaləti bölgəmizdə və dünyada hakim edəcəyimiz günlər yaxındır”. Bu xüsusda Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsində növbəti addım oldu.
Qarabağda Zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Gözlərini qırpmadan Vətən üçün, Qarabağ üçün, Qarabağın azadlığı üçün qəhrəmancasına mübarizə aparan Azərbaycan Silahlı Qüvvələri böyük tarix yazmış oldu. Xüsusi olaraq vurğulamalıyıq ki, adını Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazdıran qalib sərkərdə kimi İlham Əliyev uzun illər işğal altında olan Azərbaycan torpaqlarını əsarətdən qurtardıqdan sonra əziz bayramları Qarabağda Vətən müharibəsi dövründə Azərbaycana böyük siyasi və mənəvi dəstək verən qardaş ölkənin Prezidenti ilə birlikdə qeyd etdi. Xüsusilə Şuşa Bəyannaməsində iki dövlət arasındakı əməkdaşlığın demək olar ki, bütün sahələrdə dərinləşdirilməsi nəzərdə tutulur. Bunun üçün də müəyyən vaxt çərçivəsində intensiv hazırlıqların aparılması tələb edilir. Bəyannamədə türk dünyasının inteqrasiyası, güclənməsi, türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşməsi yönündə Azərbaycanla Türkiyənin birgə fəaliyyəti ilə bağlı çox önəmli, geosiyasi çəkisi çox böyük olan məqamlar da var. Məsələn, orada malların sərbəst dövriyyəsi məqamı yer alıb ki, istehsalatda önəmli dəyişikliklər olmadan bu, bir sıra problemlərə yol aça bilər.
Heç şübhəsiz, Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyəti var. Bu sənədin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyur. Rəcəb Tayyib Ərdoğanın verdiyi bəyanatlar qardaş ölkənin yeni reallıqlar fonunda Cənubi Qafqazda apardığı və bundan sonra da aparacağı geosiyasətin əsas konturları kimi də qəbul oluna bilər. Bu konturları şərti olaraq bir neçə istiqamətdə qruplaşdırmaq mümkündür. Bunlar əvvəla Türkiyənin Azərbaycanla müstəqilliyin ilk illərindən başlatdığı və əbədi olaraq müəyyənləşdirilmiş əməkdaşlıq, qardaşlıq, birlik siyasətini daha qətiyyətlə aparmaqla bağlı dünyaya verdiyi mesajdır.
Ziya Qürbətov, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir