Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə mayın 31-də Biləsuvar rayonunun Bağbanlı kəndində “İmkanlar Sənə Doğru!” devizi altında növbəti “Səyyar Gənclər Xidməti” layihəsinin icrasına başlanılıb.
Layihənin məqsədi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı imkan və xidmətlərin, o cümlədən məşğulluq, sahibkarlıq, təhsil, innovasiyalar, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən proqramların kəndlərdə yaşayan gənclər üçün əlçatanlığının daha da artırılmasıdır. Bu məqsədlə müxtəlif dövlət qurumları və özəl təşkilatlar tərəfindən gənclər üçün təqdimatlar keçirilib, gənclərin proqramlara yerindəcə cəlb olunması təmin edilib.
Layihənin əsasında həmçinin gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişməsi, ucqar kəndlərdə yaşayan gənclərin sosiallaşması, asudə vaxtlarının səmərəli təşkili, onların bilik, bacarıq və dünyagörüşünün genişləndirilməsi dayanır. Bu xüsusda, gənclərin maraqlarını əhatə edəcək müxtəlif mövzular üzrə təlimlər, şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda açıq hava şəraitində təlimlər keçirilib.
Açılış tədbirində Azərbaycan Respublikasının Gənclər Fondu, Biləsuvar Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbər şəxsləri, eləcə də İNNOLAND və Təhsil Nazirliyinin STEAM proqramı nümayəndələri gənclərlə görüşərək dövlət başçısının gənclərə qayğısı və bu kontekstdə təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat veriblər.
Daha sonra, gənclər üçün “Karyera planlamasına özünü kəşf etməklə başla!”, “Əsas həyat bacarıqları” və “Motivasiyamız” mövzularında təlimlər və müxtəlif ustad dərsləri keçirilib. Təqdim olunan “CV konstruktoru” xidməti vasitəsilə region gənclərinə “CV”nin yazılması qaydaları praktiki şəkildə nümayiş etdirilib. Layihə çərçivəsində gənclər üçün həmçinin bir sıra idman yarışları və musiqili əyləncə proqramları təşkil olunub.
Layihənin bu il üzrə Azərbaycanın 20-yə yaxın şəhər və rayonunun 100-ə qədər ucqar kəndində yaşayan minlərlə gənci əhatə etməsi nəzərdə tutulur. Qeyd edək ki, “Səyyar Gənclər Xidməti” layihəsi 2019-cu və 2021-ci illərdə ölkənin 17 şəhər və rayonunda, ümumilikdə 92 ucqar kənddə 15 mindən çox gənci əhatə edib.
İmkanlar gənclərə doğru gəlir!