• Bz. Noy 24th, 2024

QARŞILIQLI FAYDALI ƏMƏKDAŞLIQ REGİONUN XOŞBƏXT GƏLƏCƏYİ DEMƏKDİR

ByYenigun.news

Apr 6, 2021

Türkdilli ölkələri birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər bu ölkələrin qarşılıqlı səmərəli əməkdaşlığını şərtləndirən əsas amillərdir. Bu dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

  Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti iclasında irəli sürdüyü müddəlar sadə insanların ürəyindən xəbər vermişdir. Dövlət başçısı cəmiyyəti narahat edən, gələcəyə böyük ümidlər doğuran tezislərini bir daha bəyan etmişdir. O bir daha göstərmişdir ki, Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Bizim tarixi şəhərimiz Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Münaqişənin həllində Türkiyənin böyük rolu vardı. Müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Sentyabrın 27-də müharibə başlanan gündən etibarən Türkiyə açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Bu dəstək bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin. Prezident həmçinin deyib ki, “Azərbaycan məsuliyyətli ölkədir və digər dövlətlərin ərazisində müharibə aparmaq niyyəti yoxdur. Ermənistan hərbi birləşmələri bizim sərhədimizi keçməyə cəhd göstərdi, bir neçə hərbçimiz həlak oldu. Biz onlara layiqli cavab verdik. Ancaq biz Ermənistan-Azərbaycan dövlət sərhədini keçmədik. Çünki bizim Ermənistan ərazisində müharibə aparmaq niyyətimiz yox idi”.

  Azərbaycan Respublikasının Prezidenti Zirvə görüşündə Türk Şurasının sədri qismində etdiyi çıxışla ikinci Qarabağ müharibəsində 30 il işğal altında qalmış torpaqlarımızın azad edilməsindən sonra bölgədə yaranmış yeni siyasi və iqtisadi konfiqurasiyanın yaratdığı reallığları  bir daha diqqətə çatdırmış və verdikləri dəstəyə görə dost və qardaş ölkələrə ehtiramını ifadə etmişdir: “Türk Şurası sentyabrın 28-də - müharibədən bir gün sonra Azərbaycana dəstək xarakterli açıqlama vermişdir. Ondan sonra müharibə dövründə bir neçə dəfə buna oxşar açıqlamalar vermişdir. Türk Şurasına biz təşəkkürümüzü bildiririk”.

   Bu gün müharibənin bitməsindən beş ay keçməsinə baxmayaraq, hələ də ağır məğlubiyyətin acısını yaşayan Ermənistanda bəzi siyasətçilər hakimiyyətə gəlmək üçün müəyyən revanşist fikirlər səsləndirir, xaricdəki havadarlarının köməyi ilə hakimiyyəti ələ keçirib, ordunu gücləndirib yenidən müharibəyə başlamaq barədə düşünürlər. Dövlətimizin başçısı bu cür düşünənlərə açıq şəkildə xəbərdarlıq etdi ki, Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Azərbaycan ordusu hər bir təxribat hərəkətinə layiqincə cavab verəcək. Əvvəla, bizim müdafiə sənayemiz yetərincə intensiv işləyir. Digər tərəfdən aldığımız müasir silahlar, Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq, birgə hərbi təlimlərion keçirilməsi hərbi gücümüzün artmasına dəlalət edir.

 Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə görülən bərpa-quruculuq işləri barədə də ətraflı məlumat verib. Eyni zamanda, dövlətimizin başçısı Azərbaycanın regionda yaratdığı yeni reallıqdan danışıb və əsas diqqətini bu reallığa yönəldib.

   Zirvə görüşündə qəbul olunmuş Yekun bəyanatda azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətində səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəyliyə çağırış öz əksini tapıb. İştirakçılar həmçinin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət edilməsi əsasında normallaşmasını dəstəkləyiblər.

   Bununla da dövlətimizin başçısı Azərbaycanın hər zaman beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü təmin etməyə hazır, meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadir olduğunu bildirib. Dövlətimizin başçısının bu xəbərdarlığı erməni siyasətçilərini düşündürməlidir.

Zakir Əliyev, Cəlilabad rayonu, Kövüzbulaq kənd sakini, əmək veteranı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir