Ölkəmizin ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol getdikcə artır. Bu isə düşünülmüş uğurlu balanslı xarici siyasət, dünya dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı maraqlara söykənən əməkdaşlıq münasibətləri, həmçinin respublikamızda yaradılan əlverişli iqtisadi-biznes şərait nəticəsində mümkün olub. Azərbaycanın beynəlxalq layihələrdə fəal iştirakından danışarkən, bir məqamı xüsusilə qeyd etmək lazımdır. Bu, Cənub Qaz Dəhlizinin uğurla reallaşdırılması ilə bağlıdır.
27-ci Xəzər Neft və Qaz sərgisi, habelə Bakı Enerji Forumu da təsdiq etdi ki, müasir çağırışlara uyğun olaraq həyata keçirilən enerji siyasəti bir tərəfdən Azərbaycanın regional bazarda daha yaxşı təmsil olunmasına, digər tərəfdən isə Azərbaycanda ənənəvi enerji məhsullarının istehsalını artırmaqla alternativ mənbələrinin payının çoxalmasına gətirib çıxarır. Artıq “yaşıl iqtisadiyyat”ın formalaşması və genişlənməsi, alternativ mənbələrdən enerjinin əldə edilməsi Azərbaycan üçün prioritetdir.
Dövlətimizin başçısı çıxışında Azərbaycanda qeyri-neft-qaz sahəsində əldə edilən uğurları da diqqətə çatdırıb. Ölkə rəhbəri enerji diplomatiyasının ölkəmizin iqtisadi potensialını gücləndirdiyini, dərin islahatlarla yanaşı, neft-qaz sektorundan gələn gəlirlərin iqtisadiyyatın qeyri-neft sektoruna yönəldildiyini xatırladıb və bunun nəticəsində təkcə caril il ümumi daxili məhsulun 7,2 faiz, qeyri-neft sektorunda 11,5 faiz, qeyri-neft sənayesində 15 faizdən artıq artım qeydə alındığını, xarici borcun ümumi daxili məhsulun yalnız 12,5 faizi təşkil etdiyini bildirib. Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir.
Ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir.Azərbaycanda xarici investisiyaların qorunması ən yüksək səviyyədədir. Son illər Azərbaycanda, o cümlədən energetika sahəsində aparılan islahatlar, gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, təhlükəsizlik – bütün bu amillər hər bir investor üçün önəmli rol oynayır. Xüsusilə işğaldan azad olmuş ərazilərimizdə “yaşıl enerji”nin istifadə olunması məhz bu məsələnin prioritet olduğunu bir daha sübuta yetirir.
Xudayar Soltanlı, ADPU Cəlilabad filialının direktoru