Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi tədbirindəki çıxışında dediyi kimi, Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Azərbaycan neft ixracatına 2006-cı ildən başlayıb. Təchizatda heç bir fasilə olmamışdır, müqavilə şərtləri pozulmamışdır, enerji siyasəti arxasında heç bir siyasi gündəm yox idi. Ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. Əlavə qaz mənbəyinə tələbat artmaqdadır. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artırıb, Türkiyəyə, İtaliyaya, Gürcüstana, Yunanıstana və Bolqarıstana əvvəlkindən xeyli çox təbii yanacaq ixrac olunub.
Sərgidə 30 müxtəlif ölkəni təmsil edən 249 şirkət iştirak etmişdir. Təşkilatçılar sərgiyə davamlı olaraq dəstək verdiyi və bu mühüm sənaye tədbirinin açılışında iştirak etdiyi üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Bu, hər kəsə həm bu sənaye sahəsinin region üçün əhəmiyyətini və eyni zamanda, həmin sənaye sahəsinin daxilində bu tədbirin əhəmiyyətini göstərir.
Prezident İlham Əliyev vurğulamışdır ki, “Bakı Enerji Həftəsi” çox mühüm, ən mötəbər tədbirlərdən biridir və dünyanın lider dəvlətlərinin diqqət mərkəzindədir. ABŞ Prezidenti Cozef Baydenin tədbir iştirakçılarına təbrik məktubu tədbirin önəmini göstərir. Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda qeyd olunur: “Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir”. Avropa İttifaqı, Böyük Britaniya və digər ölkələrdən gəlmiş təbriklər də tədbirə böyük önəm verildiyini göstərir.
Bu kimi amillər bir daha sübut edir ki, dünya dövlətləri arasında Azərbaycanın nüfuzu getdikcə artmaqdadır, ölkəmiz beynəlxalq əməkdaşlıqda Prezident İlham Əliyevin səyləri sayəsində daha böyük zirvələr fəth edəcəkdir.
Vüqar Cavadov, Cəlilabad rayon Gİİ-nin rəis müavini