Kəlbəcərin azad edilməsi nəticəsində əldə olunmuş üstünlüklər böyükdür. Bu ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Ərazinin azad olunması bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər və məhdudiyyət yaradıldı. Ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar ki, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi.
Bunlar hamısı tarixi hadisədir və xalqımızın yaddaşında daim yaşayacaq. Həmin hadisəni izləyərkən bir daha əmin oluruq ki, müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə - modernləşmə mərhələsinə qədəm qoyub.
Prezident İlham Əliyevin 26 iyun tarixində Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxışında bəyan edib ki, Kəlbəcər rayonunun inkişafı ilə bağlı konsepsiya artıq hazırdır. Kəlbəcərin özünəməxsus füsunkar təbiəti var. Kəlbəcər şəhərinin Baş planının təsdiq olunması təbii gözəlliyi ehtiva edir. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Kəlbəcərdə mütləq aşıq mərkəzi və lazım olan digər tikililər inşa ediləcək. İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır. İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur. Su zavodunun təməli qoyuldu. Vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək.
Postmüharibə dövrünü müsbət qiymətləndirən İlham Əliyev bildirib ki, Azərbaycan həm müharibə, həm də postmüharibə dövründə istədiyinə nail olub. Prezident həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürünün olduğunu söyləyərək bildirdi ki, bütün sahələrdə olduğu kimi, bu sahədə də konseptual yanaşma ortadadır. Azərbaycanlı xalqı qurub-yaradan xalqdır. Qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunub. Əlbəttə ki, bütün bu hədəflər bəyan edilməyib, çünki hələ tezdir. Kəlbəcərin gələcəyi irəlidədir və işıqlıdır. Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyuldu. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Hərtərəfli iş görülür - infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik.
Rafiq Rüstəmov, Cəlilabad şəhər bələdiyyəsinin üzvü