• Bz. Noy 24th, 2024

Sülh olmasa, hərbi variant, Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistan üçün yeni təhlükə – TƏHLİL

ByYenigun.news

İyl 6, 2022

Cənubi Qafqaz regionunun Azərbaycan-Ermənistan zonasında hər nə qədər müharibə olacağı ehtimalları səslənsə də, indiki şərait üçün bunun reallıq səviyyəsi aşağıdır.

Ən azından ona görə ki, sülh danışıqları davam edir və həlledici irəliləyişlər ictimaiyyətə açıqlanmasa da, pərdə arxasındakı dialoq iştirakçıları bundan xəbərdardırlar.

Hərçənd ki, Azərbaycan Ermənistana qarşı hərbi əməliyyatları da istisna etmir və bunun üçün resurslarının mövcudluğunu göstərir. Bakının sərgilədiyi bu cür hərbi-siyasi davranış Azərbaycanın danışıqlarda mövqelərini bərkidir və Ermənistan növbəti kapitulyant güzəştlərə getməyə məcbur qalır.

Ermənistanın istədiyi – əldə edilən razılıqlarla praktiki icra mərhələsində olan aralıq müddətində öhdəliklərdən yayınmaqdan ötrü manipulyativ “arqumentlər” toplamaqdır.

Ancaq indi münaqişə yox, postmüharibə dövrüdür və Bakının hər keçən gün Ermənistana qarşı əli yeni şəraitə uyğun olaraq güclənir. Buna görə də Ermənistanın Bakının şərtlərini yerinə yetirməkdən başqa çarəsi mövcud deyil, dövriyyədə olan bir çox informasiya və ya verilən bir çox bəyanat sadəcə həmin çarəsizliyi ört-basdır etməkdən ibarətdir.

Vəziyyətdəki qara rəngləri şəffaflaşdırmaq üçün Azərbaycanla Ermənistan arasındakı 44 günlük müharibə ilə analogiya aparaq.

Müharibədən öncə Ermənistan hər vəchlə danışıqları uzatmaq, status-kvonu qoruyub-saxlamaq və yeni ərazilər üçün yeni müharibəyə hazırlaşırdı. Azərbaycan buna adekvat güc tətbiqi ilə cavab vermək zərurəti ilə üzləşdiyindən müharibə başladı və Bakı İrəvan üzərində həlledici qələbə qazandı.

Ermənistanda indi də xam xəyallar mövcuddur, amma İrəvan rəsmi şəkildə Bakı qarşısında geri çəkilməkdə davam etdiyindən biz rəsmi mövqedəki duruşa diqqət etməliyik.

Ermənistan revanşizmə nəfəs vermək üçün çabalasa da, Azərbaycanın istər Naxçıvan, istər Laçın, istər Kəlbəcər istiqamətindəki hərbi mövqelərini möhkəmlətməsi, yəni sərhəddən Ermənistana baxışı İrəvanın cəhdlərini boşa çıxardır.

Hərbi-siyasi, diplomatik danışıqların mənzərəsini sərhəddəki cari vəziyyət tamamlayır, əgər Ermənistan situasiyanı özünün revanşist meyillərinin xeyrinə dəyişməyə cəhd göstərsə, Azərbaycan hərbi tədbirlər planını tətbiq etmək hüququndan yararlanacaq.

Azərbaycanın danışıqlar masası üzərinə qoyduğu və ehtiyat planlarındakı “silah gücü” Ermənsitanı Bakının mövqeyinə yaxınlaşdırır.

Hər nə qədər Nikol Paşinyan üzünə əzmkarlıq və qətiyyətlilik pərdəsi çəkməyə çalışsa da, bu pərdəni Azərbaycan Ordusunun atdığı bir neçə güllə asanlıqla qaldırır və Paşinyan özünü ifşa edən mövqeləri dilə gətirir.

Hətta Ermənistanın Zəngəzur dəhlizi (dəhliz rejimində) mövzusunda yeni razılıqlarının işartısı da var. Ən son məlumatlara əsasən, Ermənistan beş marşrut üzrə dəhlizin reallaşması imkanlarını nəzərdən keçirir:

– Qubadlı-Vorotan-Xot yolu;

– Biçənək-Naxçıvan-Kəlbəcər yolu;

– Sisian rayonunun Noravan kəndinin kəsişməsindən başlayıb, Naxçıvan və Kəlbəcəri birləşdirən yol;

– Qubadlıdan Laçına, oradan isə Xndzoresk kəndinə qədər çəkiləcək yol;

– Laçın rayonundan Kəlbəcərə gedən yolun, eləcə də Cermuxdan Kəlbəcərə qədər olan hissəsi.

Nə Azərbaycan, nə də Ermənistan erməni mediasının yaydığı bu iddia ilə bağlı cavab verib, lakin nəzərə alaq ki, bu cür məlumatlar Ermənistan mətbuatına elə-belə yerə sızdırılmır.

Ən azından Nikol Paşinyan administrasiyasında bu fikir hakim kəsilib ki, əvvəl-axır Zəngəzur dəhlizi Bakının şərtləri altında açılmalıdır – ya xoşluqla, ya da hərbi güc tətbiqi ilə.

Sülh gündəliyinin beynəlxalq elementlərlə formalaşdırılmasına gəlincə, burada da hər hansı neqativ tendensiyanın mövcudluğundan bəhs edə bilmərik.

Açıq qalan məsələlərin həllində Türkiyənin, Rusiyanın səyləri birləşir və bir-biri ilə daban-dabana ziddiyyət təşkil edən forma vəziyyətinə gəlmir.

Qərbə gəlincə, o, maksimum dərəcədə Rusiyanı oyundan kənarlaşdırmaq və bunu Azərbaycan-Türkiyə strateji müttəfiqlik maraqları ilə uyğunlaşdırmaq istəyir. Elə Kreml də Qərbi strateji tatamidən uzaqlaşdırmaqdan ötrü Bakı-Ankara ikilisinin mövqeyindən istifadə etməyə çalışır.

Qeyd etmək lazımdır ki, son zamanlar Azərbaycan ABŞ-ın sülh müqaviləsinin formalaşdırılması prosesindəki töhfəverici iştirakına çağırışlar edir, ancaq bunu Rusiyaya verilən kəskin mesaj kimi qəbul etmək də düzgün deyil.

Sadəcə, Bakının strateji yanaşmasının məntiqi bundan ibarətdir ki, region beynəlxalq güclərin poliqonu statusuna yiyələnməsin, hərçənd ki, Rusiya-Ukrayna müharibəsi fonunda postsovet ölkələrinin hamısı üçün hər hansı formada təhdidlər yaranıb.

Bu təhdidlər Azərbaycanı qorxutmasa da, Bakı ehtiyatı əldən vermir, konfrontasiyaya getmək siyasətindən uzaqdır və situasiyanı öz xeyrinə çevirə bilmək üçün çevik imkanlara sahibdir.

Ona görə də Cənubi Qafqazda ən çox düşünən ölkə Ermənistan olmalıdır. Çünki Azərbaycanın istər beynəlxalq münasibətlər sistemindəki yeri, istər hərbi gücü, istərsə Türkiyə ilə strateji müttəfiqliyi, istər Qərblə əlaqələri, istərsə də Rusiya ilə münasibətləri dünya üçün yaranan təhdidlər fonunda Ermənistanın varlığını sual altına alar.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə gəlincə, onların beş ili tamam olunca, ərazilərimizdən çıxacaqları real görünmür. Ancaq Azərbaycanın Ermənistan üzərində yaratdığı total təzyiq dalğası nəticəsində sülhməramlılara da ehtiyac qalmayacağı dəqiqdir, ona görə İrəvan Rusiya kontingentinin Qarabağa dislokasiya edilən bölmələrinə ümid bəsləməkdən əlini üzməlidir.

PROQNOZLAR:

– Azərbaycan-Ermənistan gündəliyində hazırda danışıqlar ön plandadır və qarşıda İrəvan yeni güzəştlərə gedəcək.

– Razılıqların icrasında axsamalar olsa, Bakı hibrid müharibəni qısamüddətli hərbi əməliyyatlarla gücləndirəcək.

– Qərb Rusiyanı Cənubi Qafqazdan kənara atmağa çalışsa da, bunun praktiki gerçəklik dozası çox aşağı olacaq.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir