• Bz. Noy 24th, 2024

Qreq Saymons: “Stokholm və Helsinki Türkiyənin tələblərinə tabe olmalıdır”

ByYenigun.news

İyl 7, 2022

“Türkiyə güc mövqeyindən çıxış edir. Onun öz davranış xəttini dəyişməyə ehtiyacı yoxdur. Ona görə də İsveç və Finlandiya, həqiqətən də, hazırda NATO-ya üzv olmaq istəyirlərsə, Türkiyənin tələblərinə tabe olmalıdırlar. İsveç və Finlandiya kifayət qədər təkəbbürlü mövqe tutmuşdular. Eyni zamanda, onların NATO-ya üzvlük məsələsinə sadəlövh yanaşmaları var. Nədənsə Helsinki və Stokholm əmin idilər ki, onların Alyansa qəbulu tez və sürətlə baş tutacaq”.

Bu sözləri Oxu.Az-a açıqlamasında isveçli analitik, professor, İsveçin Uppsala Universitetinin Rusiya və Avrasiya Tədqiqatları İnstitutunun tədqiqatçısı Qreq Saymons deyib.

Professor vurğulayıb ki, İsveç və Finlandiya Qərb mərkəzli və liberal sistemə aiddirlər, dünyagörüşləri məsihçi və ideolojidir:

“Onlar Türkiyə kimi ölkələrə mühazirələr oxuyur, necə yaşamağı öyrədirdilər. Lakin lazımi cavabı aldıqdan sonra medalın digər tərəfi ilə üzləşdilər. Türkiyə daha çox Qərb mərkəzli olmayan bir yanaşmaya sahibdir, baxmayaraq ki, o, NATO kimi Qərb mərkəzli strukturların bir hissəsidir. Ankara diplomatiyaya praqmatik yanaşır, məsələlərə realizm prizmasından baxır.

İsveçli analitikin Türkiyə parlamentinin İsveç və Finlandiyanın NATO-ya qoşulması barədə protokolları təsdiq edib-etməyəcəyinə dair proqnozu isə belə olub:

“Türkiyənin irəli sürdüyü, Stokholm və Helsinki tərəfindən razılaşdırılan şərtlər yerinə yetirilməyənə qədər İsveç və Finlandiya NATO-ya üzv olmayacaq. Qlobal geosiyasi transformasiyanın hazırkı vəziyyətini nəzərə alaraq, Qərb başa düşür ki, onun sərt güc mənbələrinə böyük ehtiyacı var. Gələcəkdə baş verə biləcək genişmiqyaslı münaqişələrdə Türkiyənin geosiyasi mövqeyi çox önəmlidir”.

Ona görə də ABŞ və NATO öz hərəkətlərində çox diqqətli olmalıdırlar ki, Türkiyəni özlərindən uzaqlaşdıra biləcək addımlara yol verməsinlər. Türkiyənin Alyansdan getməsi böyük başağrısına çevrilə bilər. Buna görə də Vaşinqton və Brüssel özlərini nisbətən sakit aparırlar. ABŞ-ın qlobal terrorizmlə mübarizədə (xüsusilə İraqda) və “Ərəb baharı”nda (xüsusilə Suriyada) birtərəfli hərəkətləri Ankaranın xarici siyasətdə, eləcə də təhlükəsizlik məsələlərində daha müstəqil və iddialı mövqe tutması ilə nəticələndi. İndi də bütün “kozır”lar Türkiyənin əlindədir”.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir