Ötən ilin iyun ayında Milli Məclisin deputatı Elman Nəsirovun evli tələbəsi ilə eşq yaşadığı haqqında mətbuatda qalmaqallı iddia səslənib. Millət vəkili isə öz növbəsində deyilənləri təkzib edərək Xumar Cabbarova adlı xanımın həyat yoldaşından çoxdan boşandığını, şəxsin narkoman olduğunu və övladlarını qadından almaq üçün belə bir böhtana baş vurduğunu bildirib.
Bu hadisədən sonra X.Cabbarovanın keçmiş əri Emil Cabbarov Elman Nəsirovu məhkəməyə verib. Buna səbəb isə deputatın məsələ ilə bağlı “azxeber.com” saytına verdiyi müsahibədə şəxsə qarşı təhqiredici ifadələr işlətməsi, onun şərəf və ləyaqətini alçaltması olaraq göstərilir.
Oxu.Az-ın elektron məhkəmədən əldə etdiyi sənədlərə görə, iddiaçı ilk olaraq 9 fevral 2022-ci il tarixindəki, daha sonra isə 16 may 2022-ci ildəki müraciəti zamanı məhkəmədən Elman Nəsirovun üzr istəməsini, ona dəymiş maddi ziyanın əvəzi olaraq 5000 manat, mənəvi zərərin əvəzi olaraq isə 50 000 manat pul vəsaitini, həmçinin iddianın verilməsi ilə bağlı ödənilmiş 240 manat dövlət rüsumunu iddiaçının xeyrinə ödəməsi barədə qətnamə çıxarmasını xahiş edib.
Məhkəmə isə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək Elman Nəsirovun 18.06.2021-ci il tarixdə “azxeber.com” saytına verdiyi müsahibədə iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların yayılıb-yayılmamasının müəyyənləşdirilməsi üçün xüsusi ekspertiza təyin edilməsi, ekspert rəyi məhkəməyə təqdim edilənədək isə iş üzrə icraatın dayandırılması yönündə qərar verib. Nəticədə mülki iş üzrə ekspertiza təyin edilib.
Mövzu ətrafında Oxu.Az-a danışan Emil Cabbarovun vəkili Rüstəm Rəhimov hazırda ekspertizanın rəyini gözlədiklərini bildirib:
“Hakim ekspert qarşısına sual qoyub ki, müsahibədəki ifadələr Emil Cabbarovun şərəf və ləyaqətini, işgüzar nüfuzunu aşağı salan məlumatlardır, ya yox? Biz bunun cavabını gözləyirik. Ədliyyə Nazirliyinin ədalətli mövqe tutacağına, ekspertin obyektiv rəy verəcəyinə inanırıq. Rəhbər Fikrət Məmmədovun tərəfsiz insan olduğunu bilirik, bu məsələnin onun şəxsi nəzarətində olacağına ümid edirik”.
Aqil Vəlili