• Ç. Noy 27th, 2024

Ermənilərin Əliyevə müraciətinin arxasında nə dayanır? – “Biz heç bir statusun olmayacağını bəyan etmişik”

ByYenigun.news

Avq 8, 2022

Ötən gün bir neçə Ermənistan vətəndaşı Prezident İlham Əliyevə müraciət edərək Azərbaycan vətəndaşlığına keçmək istədi. Onlar Azərbaycan xalqını sevib hörmət etdiklərini, Ermənistan vətəndaşlığından çıxmağa hazır olduqlarını bildirdilər. Hətta sözügedən şəxslər arasında olan Vaqe Qambaryan Xankəndidə yaşamaq və istədiyi vaxt Bakıya gələrək yaxınlarını ziyarət etmək arzusunda olduğunu da dilə gətirdi.

Maraqlı məqam odur ki, ermənilərin açıqlamalarında nə qədər səmimi olduqları bəlli deyil. Cəmiyyətdə belə bir əminlik var ki, onlar vətəndaşlığa keçdikdən sonra informasiya ötürə, təxribatla məşğul ola da bilərlər.

Bu fonda Azərbaycan bir Ermənistan vətəndaşına tələbdən çıxış edərək vətəndaşlıq verəcəyi təqdirdə öz təhlükəsizliyini necə qoruya bilər?

Məsələni Oxu.Az-a şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib  ki, digər vətəndaşların təhlükəsizliyi necə təmin olunursa, dövlət qurumları Qarabağda da təhlükəsizliyi elə qoruyacaqlar:

“Biz gərək belə şeylərdən qorxmayaq. Bununla məşğul olan xüsusi qurumlar var. İstər erməni, istər rus əsilli şəxslər vətəndaşlığımıza keçəndə onların həm hüquqları, həm də yerinə yetirməli olduqları öhdəlikləri ortaya çıxır. Biz heç bir statusun, xüsusi şəraitin olmayacağını bəyan etmişik. Ona əməl etməliyik. Bizə meyilli olan insanlara dəstək olmaq lazımdır. Çünki onların hüquqlarını müdafiə edərək separatçı əhval-ruhiyyədə yaşayan ermənilərə qanunlarımıza tabe olan insanlara münasibətin necə olduğunu göstərəcəyik”.

Diplomat  hesab edir ki, ermənilər hüquqlarının qorunacağını bildikləri üçün Azərbaycan qanunları altında yaşamaq istəyirlər:

“Onlar yaxşı başa düşürlər ki, 30 il bundan əvvəl bəyan etdikləri “Dağlıq Qarabağın Ermənistana birləşməsi” layihəsi, yəni anneksiya addımları iflasa uğrayıb”.

Həmsöhbətimiz onu da əlavə edib ki, təxribat törətmək üçün vətəndaşlıq əsas deyil:

“Bizdə təxribat törədən o qədər Azərbaycan vətəndaşı var ki, gəl görəsən. Dövlətin buna nəzarət edəcək qurumları var. Nəticə etibarilə böyük bir təhlükə görmürəm. Biz vətəndaşlıq verməklə status məsələsini tam bağlayırıq, ilk növbədə lazım olan da budur, başa düşməliyik. Həm də bu yolla dövlətimizə qarşı olan arqument və tənqidlərin qarşısını alırıq. Yəni bəyan edəcəyik ki, burada terrorçular olduğu kimi, mülki insanlar da var və onlar qanun çərçivəsində yaşayışlarını davam etdirmək istəyirlər. Yəni bir-birlərinə qarşı dayanırlar.

Mövcud məsələdə öz xeyrimizə olan hər şeydən istifadə etməliyik. Onsuz da gec-tez biz onlarla qanun çərçivəsində işləməliyik”.

Sayad Həsənli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir