“Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit həm iqlim var, həm də təbii şərait var, həm maldarlıq, həm də bitkiçilik üçün. Biz əlbəttə ki, bundan maksimum dərəcədə səmərəli şəkildə istifadə etməliyik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, eyni zamanda, ərzaq təhlükəsizliyi ilə bağlı mövcud olan məsələlər bu günün məsələləri deyil:
“Sadəcə olaraq, Rusiya-Ukrayna müharibəsi nəticəsində bu məsələlər daha da kəskinləşir. Ancaq prinsip etibarilə torpaqlarımız işğalçılardan azad olunandan sonra mən dərhal göstəriş verdim ki, azad edilmiş torpaqlarda biz vaxt itirmədən əkin-biçinlə məşğul olmalıyıq. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir”.
“Mən hesab edirəm ki, azad edilmiş torpaqlarda biz taxılçılıq üçün ən azı 100 min hektarı dövriyyəyə buraxmalıyıq, əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə. Xüsusilə nəzərə alsaq ki, bizim əsas çaylarımız da erməni işğalına məruz qalmışdır. Mənfur düşmən bizi öz suyumuzdan da məhrum etmişdir. Bildiyiniz kimi, Tərtər çayının suyundan biz faktiki olaraq istifadə edə bilmirdik. Həkəri çayın, Bazarçayın suyundan istifadə edə bilmirdik. Bu, azad edilmiş torpaqlarda əsas çaylardır. Amma o çayların sayı daha çoxdur”, – deyə Prezident İlham Əliyev əlavə edib.