Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Hazırkı dövrə kimi Azərbaycan dövləti bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Dövlətin gördüyü işlərlə yanaşı vətəndaş cəmiyyəti, biznes dairələri, ölkə vətəndaşları, xaricdə yaşayan soydaşlarımız da bu kateqoriyadan olan insanlara mümkün dəstəyi göstərmək üçün əllərindən gələni edirlər: Azərbaycan xalqı xeyirxahlıq, humanizm prinsiplərinə uyğun olaraq təmənnasız yardım ənənələrini davam etdirir, şəhid ailələrinin, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə xüsusi həssaslıqla yanaşır və hər bir vətəndaş bu məsələyə öz dəyərli töhfəsini verməyə çalışır. Məhz bu reallığı nəzərə alaraq, müvafiq vahid platformanın yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Fərman imzalayıb. “YAŞAT” Fondunun yaradılmasında məqsəd şəhid ailələrinə və hərbi əməliyyatlarla əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə yardımla bağlı ictimai və vətəndaş təşəbbüslərinin düzgün istiqamətləndirilməsi, bu prosesdə sistemli, ardıcıl və məqsədyönlü yanaşmanın təmin edilməsidir.
Fondun şəffaf fəaliyyəti dövlətə ictimai etibarı artırır. Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur. İndiyədək fondda 24 804 936 manat toplanıb. Həmin vəsaitdən 15 036 831,70 manat fiziki şəxslər, 9 768 105,16 manat isə hüquqi şəxslər tərəfindən ödənilib. Qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Öhdəliyə götürülmüş şəxslərin sayı 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı 4141-dir. Fond tərəfindən həyata keçirilmiş ödənişlərin əsas istiqamətləri: məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsindən və s. Ibarətdir..
Bütün bunların davamı olaraq Prezident İlham Əliyevin bu il yanvarın 25-də imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı həmin kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür. Sənəd 2020-ci ildə ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və bu müharibə ilə əlaqədar əliliyi müəyyənləşdirilən şəxslərin də yaxın dövrdə mənzil və ya fərdi evlə təminatını nəzərdə tutur.
Fond ötən müddətdə 2800-ə yaxın şəhidin 14 min ailə üzvü və 10 minədək qazi ilə görüşlər keçirib. Bu insanların əsas ehtiyacları müəyyənləşdirilib, müvafiq təhlillər və qiymətləndirilmələr aparılıb. Hesab edirəm ki, bu amillər Fondun nə qədər fəal, eyni zamanda, sistemli fəaliyyət göstərdiyini təsdiqləyir.
Ölkəmizdə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Cənab Prezidentin müvafiq sərəncamı ilə şəhid ailələri və Qarabağ əlillərinin problemlərinin həlli ilə bağlı yerli icra hakimiyyəti orqanlarında müvafiq şöbə yaradılıb. Bu addım da onların sosial məsələlərinin həllinin daha çevik formada həll edilməsinə xidmət edir.
Bütövlükdə, Fondun yaradılması Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban verən hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir.
Elxan Xudaşlı, Cəlilabad Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi