Bu gün bütün dünya şahididir ki, müasir, müstəqil Azərbaycan sosial dövlətdir və aparılan siyasətin əsas tərkib hissəsində xalqın sosial təminatı reallığı dayanmaqdadır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır: Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq reallaşdırılan məqsədyönlü dövlət siyasəti ona istiqamətləndirilib ki, ölkənin dinamik iqtisadi inkişafından əhalinin bütün təbəqələri, ələlxüsus da xüsusi qayğıya ehtiyacı olan insanlar bəhrələnə bilsinlər. Azərbaycanda cəmiyyətin ayrı-ayrı təbəqələri arasında ədalətli resurs bölgüsünü təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir və beləliklə, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər.
Bu gün torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş əsgər və zabitlərimizin ailələrinin, müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, onlara göstərilən diqqət və qayğının artırılması ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin prioritet istiqamətlərindən biridir. “YAŞAT” Fondunun yaradılması Azərbaycanda milli birliyin və həmrəyliyin göstəricisi kimi də qiymətləndirilə bilər. Bu günə qədər fonda ödəmələrin davam etdirilməsi, eyni zamanda, öz fəaliyyətini kifayət qədər şəffaf bir formada təşkil etməsi bu quruma olan ictimai etimadı da gücləndirir.
Azərbaycan xalqı müharibə iştirakçılarına, Vətən uğrunda canından, sağlamlığından keçmiş insanlara kifayət qədər həssas münasibət göstərir. Təbii ki, dövlət tərəfindən atılan addımlar, həyata keçirilən siyasət bu münasibətin bir ictimai dəyər kimi qavranılmasını şərtləndirən əsas amillərdən biridir. Fikrimcə, qeyd etdiyim məqamlar həm də “YAŞAT” Fondunun üzərinə düşən məsuliyyəti daha da artırır, daha böyük gözləntilərin meydana çıxmasına səbəb olur. Lakin müşahidələrimiz əsasında deyə bilərik ki, fondun bugünkü fəaliyyəti, idarəçilik və vətəndaşlarla ünsiyyət metodu bundan sonra da gözləntiləri doğrulda biləcəyini söyləməyə əsas verir.
Şəhid ailələrinə və Vətən Müharibəsi iştirakçılarına qayğı göstərilməsində dövlətin institusional təşəbbüslərindən biri kimi “YAŞAT” Fondunun fəaliyyəti ölçüyəgəlməzdir. Məhz elə bu qayğının təzahürlərindən biri kimi də dövlətin institusional təşəbbüslərini qeyd edə bilərik. O cümlədən, dövlət başçısının müvafiq Fərmanı ilə yaradılmış “YAŞAT” Fondu şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsində mühüm rol oynayır. “YAŞAT” Fondu, sözün əsl mənasında, cəmiyyət və dövlət birliyinin təcəssümüdür. Fondun yaradılması işğaldan azad edilmiş ərazilərin bərpa olunmasında dövlət-özəl tərəfdaşlığının əhəmiyyətini əks etdirir. Böyük humanitar missiyanı özündə ehtiva edən Fonda könüllü ödəmələr dayanmadan davam edir.
Qarabağ Dirçəliş Fondunun yaradılması da bu gün cəmiyyətimizdə yaşanan milli birliyin qorunmasına və daha da güclənməsinə əhəmiyyətli töhfədir. Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən bir qurumdur. Beləliklə, İnstitusional təşəbbüslər sayəsində dövlət siyasətinin sosialyönümlülüyü qorunur. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin etmişlər. Qazi və şəhid ailələrinə qayğı sistemli xarakter daşıyır. Şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlilərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir.
Mirhəsən Bağırov, Cəlilabad şəhər sakini, Vətən Müharibəsi veteranı