• Be. Noy 25th, 2024

Şəhid ailələri və qazilər dövlət qayğısı ilə əhatə olunur

ByYenigun.news

Apr 13, 2021

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə dövlət başçısı tərəfindən həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər sosial qruplar kimi, əlillərin və şəhid ailələrinin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradıb. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar.
Vətəndaşların fiziki qəbulu üçün müasir standardlara uyğun xidmətlər təşkil edilmiş, zənglərin qəbulu üçün telefoniya sistemi qurulmuşdur. Ödənişlərin operativ əldə edilməsi üçün geniş filial şəbəkəsinə malik olan banklarla hesablaşma əməliyyatlarının aparılması təmin edilmişdir. AzSığorta tərəfindən bu günə qədər 1 053 şəhidimizin vərəsələrinə və hərbi əməliyyatlar zamanı xəsarət almış 4 119 nəfər hərbçimizə 18 109 850 manat ödəniş edilib. Qazilərin və müharibə əlillərinin mənzil-məişət və iş problemlərinin həlli, avtomobillərlə təminatı, aylıq təqaüdün və birdəfəlik ödəmələrin vaxtlı-vaxtında verilməsi göstərilən qayğının əyani təzahürləridir.

  Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib. Təkcə keçən il 1572 mənzil verilib. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Prezident İlham Əliyev göstərişinə əsasən həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Dövlət Bakı, Sumqayıt və Abşeron rayonunda nəzərdə tutulan işləri bu ilin sonuna qədər tam icra edəcək. Bununla yanaşı, digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi də davam etdirilir. Bütün bunlarla yanaşı, şəhid ailələrinə və müharibə əlillərinə verilən müavinət və təqaüdlər bu ilin yanvar ayından 50-70 faiz artırılıb. Bütün bunlar bir daha onu göstərir ki, ölkəmizdə sosial siyasət ardıcıl, düşünülmüş şəkildə həyata keçirilir.

    Bu qəbildən olan ardıcıl işlər göstərir ki, vətəndaşlarımızın daim qayğı ilə əhatələnməsi, dövlət dəstəyini hiss etməsi  dövlət siyasətinin prioritet hədəflərinin təməlində dayanır. Vətənimizin, torpaqlarımızın bütövlüyünün bərpası uğrunda mübarizə aparmış qazilərimizin sağlamlıq vəziyyətləri, reabilitasiyası da daim diqqətdə saxlanılan məsələlərdəndir. Prezident İlham Əliyev davamlı olaraq şəhid ailələri və qazilərlə şəxsən görüşlər təşkil edir, onların problemi ilə yaxından maraqlanır. Vətən müharibəsi dövründə Prezident İlham Əliyev  və birinci xanım  Mehriban Əliyeva xəstəxanada müalicə alan qazilərimizə baş çəkib, onlara həm də mənəvi dəstəklərini ifadə etmişdilər.

  Bütün bunlar bir daha onu göstərir ki, şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir və Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir. Biz bu sədaqəti ürəkdən alqışlayırıq.

Fərid Şahbazlı, Cəlilabad rayon sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir