“Bu il Qazaxıstan və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirlər. Yerləşdikləri regionlarda aparıcı dövlət hesab olunan hər iki ölkə, təxminən, 30 il ərzində siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə böyük inkişaf yolu keçib, mühüm nəticələr əldə edib”.
“Report” xəbər verir ki, bu barədə “Kazinform” İnformasiya Agentliyində iki qardaş ölkə arasında münasibətlərin hazırkı səviyyəsi və gələcək inkişaf perspektivləri haqqında dərc olunan məqalədə deyilir.
Qeyd olunur ki, 2022-ci il Qazaxıstanla Azərbaycan arasında əlaqələr üçün əlamətdar ildir, çünki düz 30 il əvvəl, yəni 1992-ci il avqustun 27-də iki ölkə arasında diplomatik münasibətlər qurulub:
“Doğrudur, bu, tarixi nöqteyi-nəzərdən nisbətən qısa müddət olsa da, bu dövr iki qardaş ölkə arasında dövlətlərarası münasibətlərin formalaşması və inkişafında mühüm rol oynayıb”.
Məqalədə bildirilir ki, Azərbaycanla Qazaxıstan arasında münasibətlərin səviyyəsini müəyyən edən əsas məqamlara 2005-ci ildə Bakıda imzalanmış “Strateji Tərəfdaşlıq və Müttəfiqlik Əlaqələri haqqında” Müqavilə daxildir:
“Bu, iki ölkə arasında dostluq və müttəfiqlik münasibətlərinin dərin köklərinin qeyd olunduğu strateji xarakterli ilk sənəd idi”.
“Hər iki postsovet ölkəsi bir-birinin suverenliyini və ərazi bütövlüyünü təkcə sözdə deyil, həm də konkret əməllərdə açıq şəkildə dəstəkləyir. Hər iki ölkənin çoxşaxəli və balanslaşdırılmış xarici siyasəti isə müasir çağırışlara, o cümlədən son aylarda dünyada müşahidə olunan geosiyasi turbulentliyə davamlılıq nümayiş etdirir”, – məqalədə vurğulanır.
Qeyd olunur ki, bu gün Qazaxıstan və Azərbaycan arasında geniş müqavilə-hüquq bazası mövcuddur:
“Buraya müxtəlif xarakterli 90-a yaxın sənəd, o cümlədən dövlətlərarası müqavilələr, hökumətlərarası sazişlər daxildir. Əməkdaşlıq formatına gəlincə, bu da çoxtərəfli xarakter daşıyır. Belə ki, Qazaxıstanla Azərbaycan BMT, ATƏT, İƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, TÜRKSOY, Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq və regional təşkilatlarda fəal şəkildə qarşılıqlı fəaliyyət göstərir. Bundan başqa, iki ölkənin qanunvericilik orqanları arasında sıx əməkdaşlıq əlaqələri qurulub”.
Məqalədə bildirilir ki, Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlər təkcə siyasi deyil, həm də iqtisadi əlaqələrə əsaslanır:
“Azərbaycan hazırda Qazaxıstanın Cənubi Qafqazda əsas ticari-iqtisadi tərəfdaşıdır”.