• Bz. Noy 24th, 2024

Əliyev-Tokayev danışıqları: Qazaxıstan prezidentini “yoran” suallar, Bakının zəmanət reseptləri – TƏHLİL

ByYenigun.news

Avq 25, 2022

Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfərə gəldi. Dünya güclərinin regionlara hərisliklə baxdıqları və beynəlxalq nizamı alt-üst etmək şövqlərinin bir ucu da Qazaxıstana gedib çıxır.

Qazaxıstan Mərkəzi Asiyanın qayəsidir və zəngin təbii sərvətləri baxımından fövqəladə əhəmiyyətə malikdir, buna görə də istər Qərb, istər Rusiya, istər Çin, istər Türkiyə Qazaxıstanı özünün koordinatında saxlamaq niyyətindədirlər.

Tokayevin Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü həmin genişlənmiş qlobal çərçivələrin qızışması fonunda nəzərləri cəlb edir.

Qazaxıstanda Nursultan Nazarbayev epoxası bitsə də, bu dövlətin xarici siyasətinin istiqamətləri Qərb-Rusiya-Çin arasındakı balansda strateji təlimatlardan kənara çıxmamağa sadiqdir.

Qazaxıstan uğrunda gedən çəkişmə Tokayevi Kremlin orbitindən çıxarmağa hesablanıb və hər bir tərəf Tokayevi maksimum dərəcədə özünə doğru cəzb etmək üçün yarışır.

Tokayev indi mühüm çağırışlar qarşısındadır: necə etməlidir ki, həm öz ölkəsinin milli maraqları qorunsun, həm də böyük güclər arasında tarazlıq saxlanılsın?

Bu suallar Tokayevin beynini məşğul edir, o, istədiyini təmin etmək yolunda çıxış yolu kimi ölkəsinin strateji əhəmiyyətinə və təbii sərvətlərinə güvənir.

Qlobal təchizat zəncirlərində Rusiya həlqəsini qırmaq Qərbin prioritetləri siyahısındadır, bu mənada Qazaxıstanın da “enerji”sinin ötürülməsi prosesində alternativlər axtarılır.

Populyarlaşan alternativ marşrutlardan biri də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda Orta dəhlizdir. Bu Orta dəhliz Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyədən ibarət birgə platformadır və Bakı ilə Nur-Sultan arasındakı əlaqələrin növbəti mərhələsi Trans-Xəzər təşəbbüsünün mərkəzində dayanır.

Əliyev də, Tokayev də Orta dəhlizin unikal mövqeyini ikitərəfli əlaqələrin inkişafında aktual səbəb kimi saxlayırlar. Gələcəkdə Zəngəzur dəhlizi də həmin nəqliyyat marşrutunun tərkib hissəsinə çevriləcək – bunu İlham Əliyev qazaxıstanlı həmkarı ilə mətbuata birgə bəyanatında açıqlayıb.

Trans-Xəzər dəhlizi ən çox Qərbin maraqlarına cavab verir, bu Rusiya və Belarusdan keçən standart marşrutun əvəzedicisinə çevrilir.

Qazaxıstan, neftinin ixracı üçün Azərbaycanın mərkəzində dayandığı enerji və nəqliyyat layihələrindən faydalanmağı hədəfləyir, Əliyevlə Tokayev görüşündə həmin məsələnin müzakirə edildiyini söyləyə bilərik.

Azərbaycanla Qazaxıstan yüklərin daşınma həcmini artırmaq üçün nəqliyyat infrastrukturlarını təkmilləşdirir, Bakı və Aktau limanları xeyli genişləndirilir. Qazaxıstan ixrac potensialını artırmaq üçün Xəzər dənizində yeni obyektlərin tikintisini planlaşdırır.

Qazaxıstan, resurslarının daşınmasında Rusiyanın ona yarada biləcəyi təzyiqlərdən sığortalanmaq üçün Azərbaycana üz tutur. Tokayevin belə ehtiyatlı davranışı üçün əsası var. 20 ildir ki, Qazaxıstan nefti CPC boru kəməri ilə Rusiyanın Novorossiysk limanına çatdırılır və onun dünya bazarına çıxışı təmin edilir.  

Ancaq Ukraynada başlatdığı müharibəyə görə təcrid edilən və təklənən Rusiya bu ilin iyulunda Qazaxıstanı öz tərəfinə çəkmək üçün təzyiqə əl atdı. Moskva CPC boru kəmərini bağlamaqla hədə yağdırdı və bununla da Qazaxıstan üçün problemli presedent yarandı.

Problemli çağırışlar Qazaxıstan üçün Azərbaycanın əhəmiyyətini həlledici məzmunda artırır, çünki alternativ marşrutun ağrısız işləməsi həm də rəsmi Bakının verə biləcəyi qərarlardan asılıdır. Azərbaycan isə Qazaxıstanın gələcəkdə hər hansı sapmaya getməməsi üçün ondan zəmanətlər tələb edir, Əliyev-Tokayev danışıqlarının mahiyyətinə nəzər salarkən bu amil mütləq diqqətdə saxlanılmalıdır.

Ona görə ki, Ukraynadakı müharibənin Rusiyanın xeyrinə yekunlaşması ehtimalı gözlənilməz ssenari meydana gətirər. Belə ki, Nur-Sultanla Moskva yeni sövdələşmə əldə etməklə Orta dəhlizin üzvlərindən yan keçən təchizat zəncirləri hazırlaya bilərlər.

Azərbaycan dünyada münaqişə ocaqlarının üzərinə yanacaq tökülən vaxtlarda dövlətlərarası zəmanətlərin qarşılıqlı zərərlə nəticələnməməsi üçün onları hüquqi çərçivəyə salır.

Hesab etmək olar ki, Kasım-Jomart Tokayevin Azərbaycana səfərində imzalanan “Azərbaycan-Qazaxıstan strateji münasibətlərinin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında” Bəyannamə interaktiv qarantiyaları möhkəmləndirəcək.

Üstəgəl Qazaxıstanın Türk Dövlətləri Təşkilatındakı iştirakını Azərbaycan-Türkiyə strateji müttəfiqliyi əsasından irəli gələn tələblər səviyyəsində gücləndirməsi vacibdir, yəqin ki, yaxın zamanlarda bununla bağlı yeni təşəbbüslərə şahidlik edəcəyik.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir