• Bz. Noy 24th, 2024

Qazaxıstanla diplomatik əlaqələrin qurulmasının 30 illiyi Azərbaycan XİN-də qeyd edilib – FOTO

ByYenigun.news

Avq 26, 2022

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

XİN-in rəhbər heyəti, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları, Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin üzvləri, elmi dairələrin nümayəndələri, eləcə də digər qonaqlar iştirak ediblər.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan və Qazaxıstan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın ortaq tarixi, mədəni dəyərlərindən qaynaqlandığını bildirib.

İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının xüsusi rolunu vurğulayan nazir müavini həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalar çərçivəsində Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı uğurlu fəaliyyətin mövcudluğunu qeyd edib.

X.Xələfov ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika, logistika, humanitar, mədəni və digər sahələrdə əməkdaşlığın 2005-ci ildə Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”yə əsaslandığını ifadə edib. Xələf Xələfov həmçinin 24 avqust 2022-ci ildə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə baş tutan rəsmi səfərinin ikitərəfli münasibətlərimizin inkişafında tarixi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30 illiyi ərəfəsində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfər etməsinin əhəmiyyətini xüsusi qeyd edən səfir sözügedən səfər çərçivəsində imzalanan sənədlərin iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyini ifadə edib.

Diplomatik əlaqələrin 30 illiyi münasibətilə bir sıra birgə tədbirlərin həyata keçirildiyini bildirən səfir Serjan Abdıkarimov, bu tədbirlərin təşkilində əməkdaşlığa görə öz təşəkkürünü ifadə edib.

Tədbirdə iştirak edən xalq yazıçısı Çingiz Abdullayev Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu bu xoş gün münasibətilə öz təbrikini ifadə edib, iki ölkə arasında tarixi, mədəni bağlılığa əsaslanan əlaqələrin hərtərəfli inkişafından məmnunluqla bəhs edib.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir