• Bz. Noy 24th, 2024

Sus sakinləri: “Doğma diyarımızı bir yerdə dirçəldəcəyik və oralara yenidən həyat qayıdacaq” – FOTO

ByYenigun.news

Avq 27, 2022

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi “Twitter” hesabında etdiyi paylaşımda azərbaycanlıların Laçın şəhərinə qayıtdığı,  Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşdiyi, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyü müjdəsini verdi.

Bu, bir müddətdir ki, Zabux və Sus kəndlərinin sakinlərinin həsrətlə gözlədiyi xəbər idi. Bu xəbər nəinki laçınlılar, bütün azərbaycanlılarda bayram əhvali-ruhiyyəsi yaratdı.

Sus kəndinin sakinləri Oxu.Az-la öz təəssüratlarını bölüşüblər.

Sus kəndinin sakini, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü İlham Qəhrəman 1959-cu ildə Sus kəndində doğulub:

“1978-ci ildən Bakıda yaşasam da, işğal dövründə Susda idim. Ona görə erməni işğalçılarının vandallıqları yaxşı yadımdadır. Erməni terrorçular Şuşanı işğal etdikdən sonra gəlib Laçın meşələrində yerləşmişdilər. Onlar Xocalıda törətdikləri soyqırımını Laçında da törətmək istəyirdilər. Lakin Laçının özünümüdafiə komandanlığının sayəsində buna nail ola bilmədilər. İnsanların da bu mübarizəyə qoşulması ilə ermənilərin Laçındakı qırğın törətmək cəhdlərinin qarşısı alındı. Bu hadisələr zamanı çox böyük itkilərimiz, şəhidlərimiz oldu”.

İ.Qəhrəman vurğulayıb ki, bu gün isə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 30 illik həsrətimizə son qoyur, şəhidlərimizin qisasını alır:

“Torpaqlarımızı öz sahiblərinə qaytarır. Sevincimiz sərhədləri aşıb-daşır. Bu günü bizə yaşadan şəhidlərimizi rəhmətlə anır, qazilərimizə Allahdan şəfa diləyirik. Ümid edirik ki, tez bir zamanda öz yurdumuza qayıdacağıq. Doğma diyarımızı bir yerdə dirçəldəcəyik və oralara yenidən həyat qayıdacaq”.

Şahin İsgəndərov 1974-cü ildə Susda dünyaya göz açıb:

“Ailəmiz yeddi nəfərdən ibarətdir. Beş qardaş, atamız və anamız. Kəndimiz işğal edilən zaman 18 yaşım var idi. Böyük qardaşım isə Laçının özünümüdafiə batalyonunda döyüşürdü. Altı il Qarabağ müharibəsində iştirak edib. Ortancıl qardaşım sovet ordusundan tərxis olunandan beş gün sonra kəndimiz işğal edildi”.

O bildirib ki, Sus kəndi sərhəddə yerləşdiyi üçün mühasirədə olan kəndlərdən biri idi:

“Yaşım az olduğu üçün özünümüdafiə batalyonunda döyüşə bilmirdim. Sadəcə, qardaşımgilə baxmağa gedir, bəzənsə yardımların aparılmasına köməklik edirdim”.

Ş.İsgəndərov vurğulayıb ki, hazırda Masazır qəsəbəsində yaşayır:

“Lakin tez bir zamanda Susa qayıtmaq istəyirəm. Bu günlər bizim ən sevincli günlərimizdən biridir. Buna görə müzəffər Ali Baş Komandanımıza və Azərbaycan Ordusuna təşəkkür edirik. Ümid edirik ki, yaxın müddətdə kəndimizə qayıdacağıq. Bir aya yaxındır ki, ermənilərin kəndimizi təhvil verəcəkləri ilə bağlı xəbərləri yaxından izləyirik. Axır ki, həmin gün gəlib çatdı. Sevincimizin həddi-hüdudu yoxdur”.

Aysel Aslanqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir