• Bz. Apr 28th, 2024

Daşlara həkk olunan xoşbəxtlik

ByYenigun.news

Apr 16, 2021

– Bura haradır, baba?!

– Şəhidlər xiyabanıdır, oğul!..

– Bəs, bu şəkildəkilər kimlərdir?

– Vətən uğrunda şəhid olan igid oğullarımızdır.

– Uğrunda nədir, baba?

– Yəni, Vətənə görə, sənə, mənə görə canlarından keçənlərdirlər.

– Niyə bizə görə?

– Ona görə ki, biz rahat yaşayaq, sən rahat böyüyəsən, məktəbə gedib yaxşı dərs oxuyasan, xoşbəxt olasan?

– Mən xoşbəxtəm, baba?

– Əlbəttə, bala, sən çox xoşbəxtsən.

– Bəs, xoşbəxtlik nədir?

– Bax, Cavid bala, anan səhərlər səni yuxudan oyadır, atanla salamlaşırsan, nənən üzündən öpür, öz isti ocağımızda oturub səhər yeməyimizi yeyirik, – deyə baba, nəvəsini başa salmağa çalışdı.

– Xoşbəxtlik beləmi olur, baba?

– Əlbəttə, yaxınlar, doğmalar bir yerdə olanda, uşaqlar sağlam böyüyəndə, ölüm-itim olmayanda xoşbəxtlik olur.

– Bəs, buradakıların balaları yoxdur?!.. – deyə nəvə başının işarəsiylə mərmər daşlara həkk olunmuş şəkildəkiləri göstərdi.

– Baba bir qədər köks ötürüb:

– Əlbəttə, çoxlarının sənin boyda övladları, hətta, nəvələri olanlar da var.

– Onda, bəs, onların balaları, nəvələri xoşbəxt deyillər?!

– Niyə ki, onlar da xoşbəxtdirlər, dövlət onlara qayğı göstərir, himayə edir.

– Axı, onların övladları səhərlər yerindən duranda ata-analarıyla salamlaşmırlar, babalarıyla gəzməyə getmirlər?

– Onlar şəhid balalarıdırlar, onları hamı salamlayır. Səni evdə, təkcə atan-anan, nənən- baban salamlayır, onları isə küçədə, bağcada, məktəbdə hər yerdə hamı salamlayır. Görürsən, onlar necə də xoşbəxtdirlər?

Nəvə başını aşağı salıb susdu. Baba hiss etdi ki, cavabı nəvəsini razı salmayıbdır. Odur ki:

– Nə oldu sənə, ağıllı balam, niyə susdun?!

– Baba, kaş, sənin də şəklin onların arasında olaydı… Mən də onların balaları kimi xoşbəxt olaydım…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir