Azərbaycan Respublikasının Qətərdəki səfirliyində 27 sentyabr 2022-ci il tarixində Anım Günü tədbiri keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə Qətərdə yaşayan Azərbaycan icmasının üzvləri və yerli KİV nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov 44 günlük Vətən Müharibəsində şanlı tarix yazmış Azərbaycan övladlarının, şəhid və veteranlarının keçdiyi döyüş yolundan danışıb.
Səfir, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı 27 sentyabr 2020-ci il tarixində başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 30 ilə yaxın işğal altında olmuş Azərbaycan torpaqlarını azad etmək məqsədilə Vətən müharibəsinə başladığını qeyd edib. Səfir, 44 günlük müharibədə Azərbaycanın Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları və Şuşa şəhəri işğaldan azad edildiyini vurğulayıb.
Daha sonra, 44 Günlük Vətən Müharibəsinə həsr olunmuş video film nümayiş etdirilib.