• Be. Noy 25th, 2024

Türkiyənin yeddi bəndlik bəyanatındakı “kod”lar: PKK, Yunanıstan, Azərbaycan-Ermənistan toqquşması – TƏHLİL

ByYenigun.news

Sen 29, 2022

Türkiyə Milli Təhlükəsizlik Şurası sentyabrın 28-də iclas keçirdi. İclasın sonunda yeddi maddəlik bəyanat qəbul edildi.

Bəyanat Türkiyə-Yunanıstan münasibətlərinin müharibə həddinə çatması ilə yedəyə alınan digər risk faktorlarının qiymətləndirilməsi, perspektiv müdafiə marşrutlarının dəqiqləşdirilməsi istiqamətini müəyyən edir.

Birinci maddə PKK, FETÖ və İŞİD kimi terror təşkilatlarının terror-təxribat fəaliyyətinin təhlilinə əsaslanır və gələcək üçün Türkiyənin həyata keçirə biləcəyi gizli və ya açıq əməliyyatların konturlarını göstərir.

Bu xüsusda Türkiyənin Suriyadakı mövcudluq şkalasını qaldırması, həmçinin PKK və FETÖ-yə qarşı isə həm daxildə, həm də başqa ölkələrdə yeni fəaliyyət dairəsi cızacağı qaçılmaz hala gələcək.

İkinci maddə Türkiyənin İraqdakı maraqlarının müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsini ehtiva edir, amma hiss edilir ki, Ankara İraqdakı proseslərin xarakterinin fərqliliyini nəzərə alaraq bu ölkəyə dair planını ayrıca xətt üzrə icra edir. Nəzərə alınmalıdır ki, İraqda hökumət qurulması prosesində problemlər müşahidə edilir.  

Türkiyə İraq hakimiyyətində rıçaqlara yiyələnmək meyillərini bu ölkədəki PKK-ya qarşı mübarizə ilə paralel şəkildə diqqətdə saxlayır.

Təhlükəsizlik Şurası Yunanıstanla gərginlik mövzusunu 3-cü bəndə daxil edib. Yəqin, göstərilir ki, Türkiyənin Suriyada genişmiqyaslı hərbi əməliyyatlar keçirməsi və İraqdakı “Pəncə-Kilit” əməliyyatının miqyasını genişlətməsi digər oyunçuların maraqları ilə toqquşduğundan onlar Yunanıstan kartına kapital qoyurlar. Bu nöqtədə Türkiyə daha çox ABŞ və Fransaya vurğu edir, çünki Yunanıstanın həlledici dəstəkçiləri bu iki ölkədir. Görünür ki, masada hərb variantı mövcuddur, yoxsa Təhlükəsizlik Şurası Yunanıstanın hərbi hərəkətliliyinə qarşı beynəlxalq hüququn icazə verdiyi bütün vasitələrdən istifadə etməklə cavab veriləcəyini bəyan etməzdi!

Dördüncü maddədə ABŞ-ın Cənubi Kiprə silah embarqosunu aradan qaldırması dəyərləndirilib, bunun Aralıq dənizində sülh və balansı mənfi istiqamətə sürükləyəcəyi qeyd olunub.

Türkiyə cavab olaraq Şimali Kipr Türk Respublikasının beynəlxalq səviyyədə tanınmasının vacibliyini önə çəkib, hiss etmək çətin deyil ki, Türkiyənin rəqibləri həm də bu çağırışın önünə keçmək üçün müxtəlif vasitələri işə salaraq onları yerbəyer edirlər.

Bəyanatın 6-cı maddəsi Ukraynadakı müharibənin yaratdığı humanitar fəlakətin qarşısının alınması üçün Türkiyənin səylərini davam etdirəcəyini, 7-ci maddə isə Liviyadakı proseslərdə Ankaranın mövqeyinin möhkəmləndirilməsi istiqamətlərini göstərir.

Türkiyə Təhlükəsizlik Şurasının yaydığı sənədin 5-ci bəndinin şərhini isə sona saxladıq. Bu bənd Azərbaycan-Ermənistan sərhədindəki toqquşmalar fonunda kənar oyunçuların hansı mövqedə dayanmasına işarə edir. Ankara hesab edir ki, Ermənistan özünə təqdim edilən sülh fürsətlərini dəyərləndirmək əvəzinə, təxribata təhrik edilib.

Bunun açması odur ki, Ermənistan özünün havadarları ilə Azərbaycana qarşı hərəkətə keçib. Toqquşmalardan sonra ən çox ABŞ, Fransa və İrandan İrəvana dəstək ifadə olunduğunu nəzərə alsaq, Ermənistanın hansı qaynaqlardan ruhlandığını görmək mümkündür.

Təhlükəsizlik Şurasının birinci maddəsinin məğzini 5-ci maddəyə də proyeksiya etmək lazımdır, bu mənada hesablamaq çətin deyil ki, Türkiyə Cənubi Qafqaz regionunda hansısa terror fəaliyyətinin canlanacağından ehtiyat edir.

Diqqətdə saxlamağa ehtiyac var ki, Ermənistan PKK terrorçularının gizlənməsi üçün əlverişli yerlərdən biridir. Üstəgəl, Cənubi Qafqazda İŞİD düşüncəli təhlükələr, FETÖ mərkəzli hərəkətlər baş qaldırarsa, buna qarşı da Türkiyə preventiv tədbirlərini gücləndirəcək.

NƏTİCƏ olaraq qeyd edə bilərik ki, bütün proseslər bir-birilə zəncirvari bağlıdır.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir