Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.
Qarabağın iqtisadi potensialı genişdir. Təbii ehtiyatlarına görə Azərbaycanın seçilən bölgələrindən olan Qaraabağ qızıl, mis və digər faydalı qazıntı yataqlarının olması bu rayonun sənaye məhsullarının istehsal potensialını xeyli artırır. Qarabağda təkcə sənaye üçün deyil, həm də kənd təsərrüfatının inkişafı üçün əlverişli imkanlar var. Hələ işğaldan əvvəlki dövrlərdə bu rayonlarda heyvandarlıq, o cümlədən aqrar sektor inkişaf edərək iqtisadiyyatda xüsusi paya malik olub. Ona görə də buranı kənd təsərrüfatı baxımından da vacib rayonlardan birinə çevirmək olar. Qarabağın təbiəti kifayət qədər cəlbedicidir. Bu rayonda həm qış, həm də yay turizmi üçün imkanlar var. Dini, mədəni, hətta müalicəvi turizm imkanlarının mövcudluğu bu bölgənin turizm potesialının geniş olmasından xəbər verir.
Azərbaycan xalqı tamamilə dağıdılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Hərtərəfli iş görülür – infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər.
Bütün bu işlər yalnız Azərbaycan dövlətinin vəsaiti hesabına, başqa ölkələrdən heç bir kredit götürülmədən icra edilir. Dövlət başçısının düşünülmüş iqtisadi siyasəti bu gün dövlətə Qarabağ və ətraf rayonlarda yenidənqurma işlərini öz maliyyə imkanları hesabına aparmağa imkan verir. Çünki Azərbaycan ötən illər ərzində yalnız ordunu gücləndirmək üçün maliyyə resursları yaratmayıb. Düşməni gec-tez torpaqlarımızdan qovacağına əmin olan Azərbaycan hələ müharibə başlamamışdan əvvəl azad ediləcək ərazilərdə quruculuq, bərpa işlərinin aparılması üçün maliyyə resursları yaratmaqla postmüharibə dövrünə hazırlaşıb.
Erməni qəsbkarlarının tamamilə dağıtdığı Qarabağ bu gün yenidən qurulmaqla ona qovuşmaq arzusunda olan sakinlərini gözləyir. Dövlətimizin maliyyə dayanıqlığı, görülən işlərin sürəti köçkünlərin tezliklə öz doğma yurdlarına qayıdacağına təminat verir. Biz ermənilərin viran qoyduğu bu torpaqlara çox qısa zamanda yenidən həyat verəcəyik. Azərbaycanın səfalı məkanlarından olan Qarabağ tezliklə yenidən qurulacaq, bərpa ediləcək. Çox tezliklə burada tikilən evləri bu torpağın əsl sahibi olan Azərbaycan ailəsinin ocağı qızdıracaq. 30 il əvvəl olduğu kimi, yenə də bu torpaq üzərində Azərbaycan körpəsi böyüyəcək, bu torpağı onu bərəkətli edən, sevgisini ondan əsirgəməyən zəhmətkeş Azərbaycan kəndlisinin alın təri isladacaq.
Ələkbər Niftiyev
Cəlilabad rayon Seyidbazar kənd tam orta məktəbin direktoru