Noyabrın 5-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib.
MN-in məlumatına görə, müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib. Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.
Sonra müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.
Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti ətraflı təhlil edilib.
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətdə saxlanılmasının vacibliyi xüsusi qeyd edilib.
Qeyd olunub ki, müdafiə naziri Hərbi Hava Qüvvələrinin, Xüsusi Təyinatlı Qüvvələrin, həmçinin Raket və Artilleriya Qoşunlarının ölkəmizin cənub rayonlarında dislokasiya olunan hərbi hissələrində və Əməliyyat (Komando) bölmələrində olub, buradakı təlim mərkəzlərinə baxış keçirib, bölmələrin praktiki döyüş hazırlığı məşğələlərini izləyib. Əməliyyat planları dəqiqləşdirilib, döyüş hazırlığının daha da yüksəldilməsi ilə bağlı komandanlıq qarşısında konkret tapşırıqlar qoyulub.
Ali Baş Komandanın Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindəki çıxışında səsləndirdiyi “Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz” sözlərini xatırladan nazir şəxsi heyətin peşəkarlığı və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsi, təlimlərin, o cümlədən səhra məşğələlərinin intensivliyinin artırılması barədə tapşırıqlar verib.
General-polkovnik Z.Həsənov şəxsi heyətin ideoloji iş və mənəvi-psixoloji təminatının daha da gücləndirilməsinə daim diqqət yetirilməsinin vacibliyini qeyd edib.
Döyüş növbətçiliyi və gündəlik xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasının daim nəzarətdə saxlanılması xüsusi vurğulanıb.
Müdafiə naziri qışa hazırlıq prosesinə, xüsusilə də dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin təminat məsələlərinə ciddi nəzarət edilməsi barədə vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.
Sonda qoşun xidmətinin təşkili, şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, azad edilmiş ərazilərdə mühəndis tədbirlərinin yerinə yetirilməsinin davam etdirilməsi, həmçinin tibbi təminat məsələləri ilə əlaqədar göstərişlər verilib.