• Be. Noy 25th, 2024

Polşada Azərbaycan icması ilə görüş keçirilib – FOTO

ByYenigun.news

Noy 5, 2022

Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan icması ilə görüş keçirilib.

Bu barədə Oxu.Az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova və bu ölkənin 5 böyük şəhərində fəaliyyət göstərən Azərbaycan icmalarının üzvləri iştirak ediblər.

Dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Komitə sədri 8 Noyabr – Zəfər Günü münasibətilə soydaşlarımızı təbrik edib. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında səsləndirdiyi tapşırıq və tövsiyələri xatırladaraq, xaricdə yaşayan həmvətənlərimizin həmrəyliyinin təmin olunması, Vətənlə əlaqələrinin möhkəmləndirilməsinə Komitənin hər zaman dəstək verməyə hazır olduğunu bildirib. Pandemiya və Vətən müharibəsi kimi çətin zamanlarda komitənin diasporla uğurlu işbirliyindən söz açıb, ümumi məqsədlərə nail olmaq üçün xaricdəki Azərbaycan icmalarının birlik mexanizmləri haqqında məlumat verib, Koordinasiya şuralarının və Azərbaycan evlərinin çoxşaxəli fəaliyyətinə diqqət cəlb edib.

Daha sonra komitənin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə geniş videohesabat, maarifləndirici video-çarxlar təqdim olunub.

Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Azərbaycan icmasının Vətən müharibəsindəki tarixi Zəfərin ikinci ildönümü ərəfəsində bir yerə toplaşmasının birlik və həmrəyliyimizin sarsılmazlığını göstərdiyini, belə görüşlərin xaricdəki azərbaycanlıların həmrəyliyinin möhkəmlənməsinə töhfə olduğunu bildirib.

Şərqi Avropada yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Polşa üzrə əlaqələndiricisi Fərid Cəfərov Polşa Azərbaycanlıları Şurasının və Varşava Azərbaycan Evinin fəaliyyətləri barədə məlumat verib. Daha sonra şuranın hesabatı təqdim olunub.

Müzakirələr zamanı Polşadakı Azərbaycan icmasının yerli cəmiyyətə inteqrasiyası, elm, təhsil və sosial sahələrdə uğurlar qazanması təqdirəlayiq hal kimi qiymətləndirilib. Görüş icma üzvlərinin diaspor fəaliyyətinin keyfiyyət göstəricilərinin artırılması, informasiya platformalarında fəallığı, möhkəm birlik mexanizmləri, diaspor hərəkatının hədəfləri və s. mövzularda qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir