İlham Əliyev 2003-cü ilin oktyabrında Azərbaycan Prezidenti seçildikdən sonra xarici siyasət kursunun episentrində Qarabağ münaqişəsinin həllini böyük məharətlə saxlamağı bacardı və bu nüvədən yola çıxılaraq Bakı beynəlxalq münasibətlər sistemində qarşısında duran çağırışların icrasına sürət verdi.
İlham Əliyev geosiyasi, regional və qlobal konyunktura şəraitini düzgün təhlil edərək vaxtından əvvəl müharibə aparmaq riskinə getmədi.
Hələ zamanı deyildi və bu vaxtın yetişməsi üçün lazım olan resurslar Azərbaycanın balansında çoxluq təşkil etmirdi.
Ona görə də, Azərbaycan dövləti beynəlxalq aləmin regiona diqqətini çəkmək və ölkənin əhəmiyyətini artırmaq üçün sanballı və uzunmüddətli perspektiv üçün faydalı olan enerji-nəqliyyat layihələrinə start verdi. Bu, ölkənin müharibə aparmaq qabiliyyəti üçün lazım olan mühüm elementlərin boy atıb böyüməsinə şərait yaratdı, söhbət Azərbaycanın iqtisadi potensialının döyüş aparmaq qabiliyyəti həddinə çatdırılmasından gedir.
İkinci, Azərbaycan üçün strateji tərəfdaşlar və müttəfiqlər lazım idi. İlham Əliyev ölkənin yerləşdiyi coğrafi məkanın həssaslığını nəzərə alaraq həmin tərəfdaşları xüsusi həssaslıqla seçdi. Belə ki, zərgər dəqiqliyi ilə ölçülmüş siyasi addımlar Azərbaycanla tərəfdaş və müttəfiq olub öz aralarında münasibətləri bir o qədər də yaxşı olmayan heç bir ölkədə qıcıq yaratmadı.
Prezident sadəcə olaraq diplomatik-siyasi etiket qaydaları çərçivəsində təhlükəsizlik mühitini nəzərə alaraq balanslı siyasətin sxemini cızdı.
Bu balans siyasəti “nə Qərb, nə Rusiya” tezisinə əsaslanırdı və münasibətləri həm Qərb, həm də Moskva ilə inkişaf etdirən postulatlar zənciri idi.
Əliyevin siyasətində müstəqillik, Qarabağın işğaldan azad edilməsi, suverenlik məsələləri qırmızı xətlə haşiyələnirdi və o bu qabiliyyəti sonrakı illərdə həlledici mərhələyə daxil etdi.
Ermənistanın danışıqlar vasitəsilə vaxt qazanmaq və işğalın müddətini əbədiləşdirmək cəhdlərinin əlamətləri aydın sezildikcə Əliyev Azərbaycanın tərəfdaşları ilə hərbi-texniki əməkdaşlıq fəaliyyəti qurdu və ölkəyə ən müasir silahların tədarük edilməsinə nail oldu.
Bununla da ordunun gücü əraziləri işğaldan azad etmək potensialı qazandı, bununla paralel olaraq isə Azərbaycan siyasi dialoqlarla Bakının yanında dura biləcək dövlətlərlə əməkdaşlığı dərinləşdirdi.
Qoşulmama Hərəkatındakı Azərbaycanın aktivliyi onun beynəlxalq təşkilatlardakı səsinin eşidilməsi üçün münbit şərait yaratdı. Bu, Vətən müharibəsi dövründə də müşahidə edildi.
Vətən müharibəsinə aparan yolun konseptual izahını bu amillərlə vermək olar, üstəgəl Ermənistanın ərazi iddialarını genişləndirməsi də Bakıya başqa seçim yolu qoymadı.
Nəhayətdə Azərbaycan Ermənistanın təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına başladı və 44 gün ərzində öz ərazilərini işğaldan azad etdi.
Aqşin Kərimov