“İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bu yaxınlarda Qarabağdakı qələbəmizin rəmzi “Dəmir yumruğu” öz ölkəsinin bayrağının üzərinə yapışdırıb fotosunu paylaşmışdı”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, səfir bununla Azərbaycanın hədəfinin Cənubi Azərbaycan olduğuna işarə edib.
“Mənim bildiyim qədər ilə, səfir İranın fars-molla rejiminin hüquqlardan məhrum etdiyi Cənubi Azərbaycandandır. O, əslində işarələrlə deyir ki, Prezident İlham Əliyevin “Dəmir yumruğu” Ermənistandan sonra İranın fars-molla rejiminin başına dəyəcək”, – deyə o əlavə edib.
Deputat Azərbaycanda Konstitusiya dəyişikliyinin vacibliyini bildirib və ölkənin adının dəyişdirilməsini təklif edib.
“Azərbaycanın adı dəyişdirilərək Şimali Azərbaycan olmalıdır. Çünki Azərbaycan Respublikası Bütöv Azərbaycanın cəmi 20 faizini təşkil edir. Dünyada bir çox xalqlar bölünüb və ölkələrin adları da şimal və cənub deyə müəyyən edilib. Məsələn, Şimali Koreya, Cənubi Koreya və sair. Azərbaycanın da adı dəyişdirilməlidir, ictimaiyyət önündə təklif edirəm ki, ölkəmizin adı Şimali Azərbaycan olsun”, – deyə əlavə edib.
Aqşin Kərimov