• Şb. Noy 23rd, 2024

ASALA terrorçusunun etirafı: “Monte Melkonyan İranla əməkdaşlıq edirdi” – FOTO

ByYenigun.news

Noy 29, 2022

Erməni terrorçusu, ASALA-nın keçmiş üzvü Martiros Jamkoçyan İrəvanın Yerablur məzarlığında olarkən “Hraparak” qəzetinə müsahibə verib və orada terrorçu və cani Monte Melkonyanla İran xüsusi xidmət orqanları arasında əməkdaşlıq faktlarını açıqlayıb.

Xatırladaq ki, Melkonyan 1993-cü ilin iyununda Azərbaycanın Ağdam rayonunun Mərzili kəndində Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.

Caliber.Az-ın arayışı:

Martiros Jamkoçyan 21 iyun 1958-ci ildə Livanın paytaxtı Beyrutda anadan olub. Gənc yaşlarından erməni terror təşkilatı ASALA-ya qoşulub. Jamkoçyan 1981-ci il iyunun 9-da Cenevrənin mərkəzində türk konsulluğunun əməkdaşı Mehmet Yerquzu üç güllə ilə öldürüb. İsveçrə məhkəməsi terrorçunu 10 il müddətinə azadlıqdan məhrum edib. Jamkoçyan həbsxanadan çıxdıqdan sonra Ermənistana, oradan isə qanunsuz olaraq Qarabağa köçüb və burada Monte Melkonyanın komandanlığı altında olan dəstənin tərkibində etnik təmizləmə və dinc azərbaycanlı əhalinin qətlə yetirilməsi işlərində fəal iştirak edib. Komandirindən fərqli olaraq, Jamkoçyan haqq etdiyi cəzadan qurtula bilib və bu gün Ermənistanda yaşayır.

Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində M.Jamkoçyan bildirib ki, 1992-ci ilin yazında terrorçu Monte Melkonyanla birlikdə Xocavənddə azərbaycanlılara qarşı etnik təmizləmə ilə məşğul olub.

“Orada yolboyu türklərin (azərbaycanlıların – red.) yaşadıqları kəndlər var idi. Və qrupumuz bu əraziləri “təmizləməyə” başladı. Dəstəmiz bütün regionda ən çox hərbi texnika və silaha malik idi”, – deyə Jamkoçyan yada salıb.

Eyni zamanda terrorçu maraqlı epizoddan – Monte Melkonyanın İran tərəfi ilə əməkdaşlığından danışıb.

“Qubadlının azad edilməsindən” (Qubadlının işğalı 1993-cü il avqustun 31-də baş verib, o zaman Monte Melkonyan artıq məhv edilmişdi – red.) əvvəl farslar Monteyə zəng etdilər, onunla hesablaşırdılar. Bu bir sirdir və mən onu bu gün sizə açıram. Farslar Monte ilə görüşmək üçün Qorisə (Gorus – red.) gəldilər, onlar əməliyyatın hazırlanmasından xəbərdar idilər. Həmin vaxt biz Laçın şəhərində idik, oradan Zəngilana, Qubatlıya (Qubadlıya – red.), Horadizə hücum etmək üçün tank diviziyamızın bir hissəsini buraya gətirmişdik. Farslar bu əməliyyatdan xəbər tutdular, bütün bunları kimin təşkil etdiyini öyrəndilər. Və o zaman İranın marağı ondan ibarət idi ki, bizimlə əməkdaşlıq etsinlər, heç nə olmasın, müharibə Araksın (Araz – red.) o tərəfinə keçməsin. Onlar zəmanət istəyirdilər və bizimlə danışıq aparmağa gəlmişdilər. Bu, 1993-cü ilin əvvəlində, yazda idi. Dostlarımız və düşmənlərimiz kimlə qarşı-qarşıya gəldiklərini bilirdilər. Ona görə də bizimlə hesablaşdılar, danışıqlar apardılar. Təbii ki, biz farslara təminat verdik ki, əsgərlərimiz İran istiqamətində və həmin istiqamətdə geri çəkilən azərbaycanlılara atəş açmayacaqlar. Belə də oldu”, – Jamkoçyan açıqlamasında bildirib.

Erməni terrorçunun əslində hamıya məlum olan bu “sirr”i Tehranın ikibaşlı siyasətinin daha bir göstəricisidir.

Azərbaycanın ərazi bütövlüyünü şifahi şəkildə dəstəkləyən, Azərbaycan və İran xalqları arasında tarixi, dini və mədəni bağlardan danışan İran, buna baxmayaraq, Qarabağda erməni terrorçular ilə əməkdaşlıq edib.

Məlumdur ki, 1992-ci ildə biz Şuşanı da İranın vasitəçilik adı altında apardığı danışıqlar zamanı itirdik.

Buna görə də heç təəccüblü deyil ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin qabaqcıl dəstələri Araz çayı boyu Xudafərin elektrik stansiyasının ərazisindən keçərək ən qısa və təhlükəsiz yolla Zəngilana daxil olmaq istəyərkən onların qarşısını İran ordusunun bölmələri kəsib.

İran tərəfinin müharibə zamanı Azərbaycan ordusunun bölmələrinin hərəkətləri ilə bağlı ermənilərə kəşfiyyat məlumatları ötürməsi də mollaların Ermənistanın işğalçılıq siyasətinə və onun Qarabağda həyata keçirdiyi işğalçı siyasətinə nə qədər isti yanaşdıqlarından xəbər verir.

Mənbə: Caliber.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir