• Şb. Noy 23rd, 2024

ABŞ rəsmisi Azərbaycan-Ermənistan münasibətləri haqqında: “Real proqres əldə olunub” – VİDEO

ByYenigun.news

Noy 29, 2022

“Azərbaycanın potensialı nəzərə çarpır. Hər dəfə bura gəldiyim zaman mən iqtisadiyyatın, insanların dayanıqlığının və bütün Cənubi Qafqaz bölgəsi üçün imkanların artdığını müşahidə edirəm”.

Oxu.Az-ın məlumatına əsasən, bunu ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Azərbaycana səfərinin yekunları ilə bağlı etdiyi videomüraciətdə deyib.

Riker noyabrın 28-də Azərbaycanda səfərdə olub. O, Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Filip Riker qeyd edib ki, ABŞ-nin dövlət katibi Antoni Blinken Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün imkana və Cənubi Qafqazın potensialına çox inanır.

“Biz bilirik ki, sülh prosesi asan deyil. Bilirəm ki, münaqişə hər iki tərəfdə illər boyu böyük çətinliklərə və əzaba səbəb olub.

Lakin inanıram ki, ümid də var. Dinc gələcək üçün olan bir ümid. Ümid edirəm ki, sülh danışıqları zamanı əldə edilən impuls saxlanıla biləcək və daha parlaq gələcəyin təminatı üçün tarixin yeni səhifəsi açıla bilər.   

Hazırda gələcəyə baxan və davamlı sülhü əldə etmək istəyən hər iki ölkə tərəfindən real və cəsarətli addımları müşahidə edirəm”, – deyə diplomat əlavə edib.

Filip Riker qeyd edib ki, Birləşmiş Ştatlar Azərbaycanla Ermənistan arasında birbaşa dialoqu dəstəkləyir və əldə olunan impulsun yeni ildə də saxlanılmasına çağırır.

“Real proqres əldə olunub və sülh daha yaxşı və parlaq gələcək vəd edir. Mən sülhün əldə olunması üçün nümayiş etdirilən zəruri cəsarəti və qətiyyəti alqışlayıram”, – deyə o bildirib.

Diplomat məlumat verib ki, Bakıdan Tbilisiyə və İrəvana səfər edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir