• Şb. Noy 23rd, 2024

Laçına yeni həyat gəlir

ByVuqar Ferzeliyev

Noy 30, 2022

         Hamıya məlum olduğu kimi Laçın rayonu Ermənistanın kapitulyasiya aktını imzalaması nəticəsində Azərbaycana təhvil verilmişdir. Bundan əvvəl isə noyabrın 9-da Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Bununla da, Azərbaycan xalqı hərbi-siyasi yolla beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa edib. Hazırda işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələr fasiləsiz icra olunur.  Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir.   

       Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyasını işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Prezident İlham Əliyev vurğulayıb: “Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək.”

      Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir. Eyni zamanda, Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Bunun  mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır.

        Azərbaycan dövləti bundan sonra qalib dövlət kimi inkişaf edəcək, xalqımız müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq. Doğma torpaqlarda yaşayıb rahat ömür sürmək bizim haqqımızdır. Buna görə cənab Prezidentə minnətdarlığımızı bildirir və onunla fəxr edirik.

        Dilşad Qubadova,

Cəlilabad şəhər 11 nömrəli körpələr evi-uşaq bağçasının müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir