“Bu gün Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni ikitərəfli saziş üzrə danışıqların növbəti raundu keçiriləcək”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Avropa İttifaqı Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin görüşündə deyib.
Onun sözlərinə görə, Aİ Azərbaycanın ən böyük ticarət və investisiya tərəfdaşıdır:
“Aİ ilə Azərbaycan arasında 2022-ci ilin iyul ayında imzalanmış Anlaşma Memorandumu təbii qazın sabit və əlverişli şəraitdə nəqli, həm də Avropaya potensial “yaşıl enerji” ixracı baxımından əhəmiyyət kəsb edir. Biz, həmçinin Azərbaycandan Avropaya “yaşıl enerji” ixracı üzrə tərəfdaşlarımızla çalışırıq və yaxın günlərdə nəzərə çarpacaq addım gözləyirik”.
“Azərbaycan və Aİ, həmçinin Aİ-nin Azərbaycanda İqtisadi və İnvestisiya Planının həyata keçirilməsi üzərində işləyir və bu, layihəyönümlü əməkdaşlığın yaxşı nümunəsidir. Yüksək səviyyəli birgə işçi qrupunun ilk iclası ötən həftə Bakıda keçirilib. Aİ ilə Azərbaycan arasında yeni ikitərəfli saziş üzrə danışıqlar davam edir və bu gün nümayəndə heyətləri arasında danışıqların növbəti raundu keçiriləcək”, – C.Bayramov bildirib.