Azərbaycan-Türkiyə-Türkmənistan üçlüyü dünyadakı yeni reallıqlara uyğun olaraq birgə fəaliyyətin gələcək konturlarını müəyyənləşdiriblər. Prezidentlərin I Zirvə Görüşü, orada aparılan danışıqlar, imzalanan sənədlər türkdilli ölkələr arasında münasibətlərin inkişafına da böyük töhfə verəcək.
Mərkəzi Asiya xalqları içərisində milli mənsubiyyət baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. Türklərin oğuz boyundan olan, beləliklə eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malik Azərbaycan və Türkmənistan xalqlarını dil və din eyniliyi birləşdirir. Hələ SSRİ dövründən başlayan sıx əlaqələr respublikalar müstəqillik əldə etdikdən sonra daha da inkişaf etdirilib. Son dövrlər hər iki dövlət başçısının qarşılıqlı səfərləri, ölkələrimiz arasında münasibətləri irəliyə aparmaq istiqamətində onların atdığı addımlar Azərbaycan-Türkmənistan əlaqələrində yeni səhifə açıb.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun dəvəti əsasında Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 14-də Türkmənbaşı şəhərinə səfəri də bu qəbildəndir. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edən bu səfər çərçivəsində Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birinci Zirvə Görüşü keçirilib. Prezident İlham Əliyev səfər çərçivəsində türkmənistanlı həmkarı Sərdar Berdiməhəmmədov, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşlər keçirib. Bununla yanaşı prezidentlərin məhdud və geniş tərkibdə görüşləri də təşkil edilib, yekun bəyanat qəbul olunub, üçtərəfli Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb.
“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsində deyilir:
İqtisadi əlaqələrdə rekord göstərici
Prezidentlərin geniş tərkibdə görüşündə çıxış edən dövlət başçısı İlham Əliyev 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin 45 faiz artaraq 5 milyard dollara çatdığını söyləyib. Bildirib ki, Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına 14 milyard dollara yaxın sərmayə yatırılıb. O, bu il Türkmənistanla ticarət dövriyyəsinin də 5 dəfə artdığını diqqətə çatdıraraq, bunun rekord göstərici olduğunu vurğulayıb. Dövlət başçısı Azərbaycan, Türkiyə və Türkmənistanın nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atdığını da dilə gətirib. Deyib ki, ölkələrimiz tərəfindən bir çox layihələr icra edilib. Prezident bildirib ki, bu layihələr öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Dövlət başçısı hər üç ölkədə bu sahəyə qoyulan sərmayələrin yeni, müasir infrastrukturun yaradılmasına xidmət etdiyini diqqətə çatdırıb.
Üçtərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər
Ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməyə hesablanmış bu səfəri, Türkmənbaşı şəhərində aparılan danışıqları, Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin I Zirvə Görüşünün əhəmiyyətini “Kaspi” qəzetinə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov şərh edib. Bildirib ki, görüşlərdə üçtərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər müzakirə olunub: “Türkmənbaşı şəhərində 3 qardaş ölkə lideri arasında keçirilən I Zirvə Görüşü tarixi hadisədir. Bu yeni əməkdaşlıq platforması yalnız 3 ölkəni deyil, böyük bir coğrafiyanı əhatə edəcək. Xüsusən 3 ölkə, Türk Dövlətləri Təşkilatı və Avrasiya məkanında əlaqələrin inkişafına töhfə verəcək. I Zirvə Görüşündə prezidentlərin səsləndirdiyi fikirlər, yekun bəyanat, imzalanan sənədlər bunun bariz nümunəsidir. 2020-ci ilin əvvəlindən dünyada koronavirus pandemiyası tüğyan etdiyi bir zamandan Prezident İlham Əliyev öz liderlik keyfiyyətlərindən yararlanaraq, türk dövlətlərinin rəhbərləri ilə intensiv görüşlər keçirməyə başladı. Bu təşəbbüs ondan qaynaqlanırdı ki, eyni tarixə, soya, kökə, dinə, dilə mənsub olan qardaş ölkələrin pandemiyaya qarşı birgə mübarizəsi təşkil olunsun. Sonrakı mərhələlərdə Qoşulmama Hərəkatı və BMT səviyyəsində daha qlobal təşəbbüslərlə çıxış etməsi, birgə fəaliyyət planının hazırlanması Azərbaycan Prezidentinin çox yüksək liderlik keyfiyyətlərinə malik olduğunu bir daha ortaya qoyub”.
Hadisələri düzgün qiymətləndirmək
Millət vəkili vurğulayıb ki, cari ilin əvvəlindən Rusiya-Ukrayna müharibəsinin başlanması dünyada yeni nizam formalaşdırıb, böhranlar yaradıb. Onun sözlərinə görə, bu ilin ikinci yarısından dövlət başçısı İlham Əliyevin xarici ölkələrə səfərləri, iştirak etdiyi zirvə toplantıları, irəli sürdüyü təkliflər, keçirdiyi görüşlər onu sübut edir ki, Azərbaycan Prezidenti geosiyasi hadisələri düzgün qiymətləndirir, mövcud vəziyyətdən daha səmərəli şəkildə yararlanır, ölkəmizin maraqlarını uğurla təmin edir, həm qardaş dövlətlərlə, həm də dünya ölkələri ilə hərtərəfli faydalı əməkdaşlıq əlaqələri qurur: “Bu əlaqələrin mərkəzində isə siyasi, ticari, iqtisadi münasibətlər, təhlükəsizlik maraqları dayanır. Dünyada enerji təhlükəsizliyi, ərzaq böhranları var. Bu böhranlarla bərabər türk dövlətlərinin müdafiə olunması, müdafiə sənayesi potensialının inkişaf etdirilməsi, təhlükəsizlik məsələlərinin ön plana çəkilməsi kimi məsələlər aktualdır. Türkmənbaşı şəhərində keçirilən I Zirvə Görüşünü bu kontekstdən qiymətləndirir, ölkəmiz və qardaş dövlətlər üçün əhəmiyyətli hadisə hesab edirəm. Cənab İlham Əliyevin liderliyi ilə bu gün Azərbaycan yalnız regional məsələlərdə deyil, böyük bir türk coğrafiyasında və dünyada əhəmiyyətli ölkəyə, söz sahibinə çevrilib”.