• Ç. Okt 30th, 2024

Azərbaycanın enerji strategiyasında yeni era – ŞƏRH + FOTO

ByYenigun.news

Dek 18, 2022

Bərpa olunan və yaşıl enerji əsasında istehsal olunan elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni era sayıla bilər. Hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə bərpaolunan enerji ilə töhfə verməsi xüsusilə diqqət çəkir. Belə ki, dünya ölkələri tükənməyən və ekoloji təmiz enerjiyə ciddi maraq yaranıb. Son zamanlar dünyada baş verən münaqişələr və iqtisadi kataklizmlər fonunda “yaşıl enerji”nin vacibliyi daha da aktuallaşıb.Gələcəkdə bu enerji növünün gələcəkdə dünya enerji bazarında hakim olacağı güman olunur.

Bu baxımdan ötən gün Rumıniyanın Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ölkəmizin iqtisadi və siyasi qələbəsidir.

Prezident İlham Əliyev: “Bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq”.

Beləliklə, Azərbaycan elektrik enerjisinin Avropaya mühüm təchizatçısına çevrilməkdədir.

Prezident İlham Əliyev: “Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qeqavatlıq əlavə ötürmə gücü yaradılacaq. Təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qeqavatlıq yaşıl enerjinin istehsalına investisiya qoymağı planlaşdırır. İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qeqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qeqavatlıq əlavə ötürmə gücü yaradılacaq”.

Avropa rəsmilərinin də son bəyanatları qitəni təhdid edən enerji böhranı fonunda yenidən etibarlı tərəfdaş olan Azərbaycana üz tutmalarını təsdiqləyir.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen: “Bu Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regionlarımıza təmiz enerjiyə keçidə nail olmağa kömək edəcək. Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün bizə güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir”.

Macarıstanın Baş naziri Viktor Orban: “Avropa Komissiyasının müdrikliyinə görə biz Azərbaycana çox diqqət yetirdik, onunla əməkdaşlığımızı inkişaf etdirdik. Azərbaycanın və Prezident Əliyevin Avropa İttifaqı ilə əməkdaşlığa həmişə açıq olması təqdirəlayiqdir. Mən özüm də bir il ərzində Avropa İttifaqının həmişə Azərbaycana etibarlı tərəfdaş kimi etibar edə biləcəyinin şahidi olmuşam”.

Avropanın qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheyli: “Planlarımızın necə gerçəkləşdiyini görəndə həmişə sevinirəm. 17 milyard avro dəyərində olan Qara dənizin enerji təchizatı üçün sualtı kabelin çəkilməsi qarşılıqlı iqtisadi və sosial fayda gətirəcək”.

Beləliklə, Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Rusiya-Ukrayna müharibəsi fonunda qitə etibarlı tərəfdaş olan Azərbaycanla münasibətlərin yeni mərhələsinə qədəm qoyur. Həmçinin Azərbaycan Avropaya enerjinin təkcə çatdırılması yox, artıq şaxələndirilməsi işini uğurla icra edir. Məqsəd siyasi maraqların iqtisadi baxımdan qorunmasını təmin etməkdir ki, Azərbaycan da bunu uğurla icra edir.

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir