“Füzuli Mərkəzi Parkı və Ağdam Meşə Parkının müfəssəl layihə planı hazırlıq mərhələsindədir”.
“Report” xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Zəngilan Hava Limanında Səudiyyə Ərəbistan Krallığının nümayəndə heyətinin Zəngilana səfəri zamanı təşkil edilmiş tədbirdə deyib.
“Ümumiyyətlə, biz işğaldan azad edilmiş şəhərlərdə yaşayış binalarının, kəndlərin tikintisinə başlamışıq. Şübhəsiz ki, mədəni irsin qorunub saxlanılması digər mühüm prioritetimizdir. Hazırda Ağdamdakı Cümə və Qiyaslı məscidləri, Pənahəli xanın sarayı – İmarət bərpa olunur. İstər Ağdamda, istərsə də Füzulidə açıq səma altında muzeylərimiz olacaq”, – E.Hüseynov bildirib.
Bununla yanaşı, xüsusi nümayəndə qeyd edib ki, Ağdam və Füzulidə 2 mərkəzi xəstəxananın tikintisinə başlanılacaq.