Dünyanın bir çox cəmiyyətləri Avropa İttifaqına inteqrasiyaya üstünlük verir. Bunu istəyənlər arqument kimi orada qanunların aliliyinin təmin olunması, insan hüquqlarının qorunması və başqa üstünlükləri göstərirlər.
Ancaq Belçika Federal Prokurorluğunun aşkarladığı korrupsiya şəbəkəsi məyusluq yaradıb. Məlum olub ki, Avroparlamentdə lobbiçilik fəaliyəti ilə məşğul olanlar rüşvət alırmış. Bu korrupsiya sxemi İttifaqın beynəlxalq nüfuzuna ciddi zərbə vurub. Bu, həm də qurumun vasitəçiliyinə, münaqişəli və mübahisəli ədalətli mövqedən yanaşacağına da şübhələr yaradır.
Artıq Avropa Parlamentində aşkarlanan korrupsiya maxinasiyaları ilə əlaqədar istefalar başlayıb, həbslər keçirilib. Avropa Parlamentinin sədr müavini, yunanıstanlı Eva Kayli və daha 4 nəfər Brüssel polisi tərəfindən saxlanılıb.
Yayılan xəbərlərə əsasən, lobbi qruplar üzərində yaranan rüşvət qlamaqalı 4 nəfəri əhatə etmir. Başladılmış istintaq prosesi əlavə 15 deputatın – AP üzvünün həbs ilə nəticələnə bilər. Həbsi gözlənilən 15 nəfər lobbiçilik işinin aktiv iştirakçılarıdırlar.
İttifaq parlament üzvləri arasında korrupsiyaya bulaşanlara qarşı genişmiqyaslı islahat aparmağı planlaşdırır.
Məlum olub ki, lobbi qruplarının bəzilər korrupsiya ilə məşğul olur. Onların arasında ermənilərə lobbiçilik edənlər də var. Natali Luazonun koordinatorluğu ilə Avropa Parlamentinin 30-a yaxın deputatı “Dağlıq Qarabağdakı vəziyyət”lə bağlı müzakirələr keçirmək təşəbüsünü irəli sürüb. Onlar Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Aİ xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissiyanın sədri Cozep Borrelə müraciət ünvanlayıblar. Sənədi parlamentdəki “Ermənistanla dostluq qrupu”nun üzvləri imzalayıb. Sədr müavini Eva Kayli bu qrupun üzvüdür. Bu qrup uzun müddət “çirkli puların yuyulmasında” adı keçən erməni əsilli milyarderlər tərəfindən maliyyələşdirilib. Deməli, Avropa Parlamentində Azərbaycan və Türkiyəyə qarşı korrupsiyaya ilə məşğul olan qrup fəaliyyət göstərib.
Onları çirkli pullarla maliyyələşdirənlərdən biri də Azərbaycanın Qarabağ bölgəsinin qızıl mədənlərini talayan Vartan Sirmakesdir. O, deputatların “dostlarındandır”.
Rəsmi Bakı erməni əsilli İsveçrə vətəndaşı Vartan Sirmakesin axtarışa verilməsi üçün “İnterpol”a müraciət edib. Sirmakes İsveçrədə saat şirkəti olan “Franck Muller Group”un baş direktorudur.
Vartan Sirmarkesin timsalında ermənilərin “çirkli pullarla” maliyyələşdirdikləri Avroparlamentdəki “dostluq qrupu”nun korrupsiyada ittiham olunması Avropa institutlarında bu cinayətin artıq sistemli xarakter aldığını göstərir.
Müstəntiqlər son bir həftə ərzində apardıqları axtarışlar zamanı çamadan və portfellərdən 1,5 milyon avrodan çox nağd pul aşkarlayıb.
Məsələnin miqyası avropalı siyasətçilərin ciddi narahatlığına səbəb olub. Polşanın baş naziri Mateuş Moravetski hadisə ilə bağlı deyib: “Mən Avropa parlamentində korrupsiyanın miqyasından dəhşətə gəlmişəm”. O, etiraf edib ki, işin detalları ilə tanış olanda şoka düşüb.
“Transparency İnternational”ın əməkdaşı Michiel van Hultennin sözlərinə görə, parlamentdə korrupsiyanın olması onu təəccübləndirmir, ancaq onun miqyası siyasətçini şoka salıb.
Araşadırmalara əsasən, Eva Kaylinin həbsi ilə bu problem həll olunmur. O, rüşvət alan və paylayan şəxsdir, şəbəkə isə daha genişdir. Bu işdə yalnız Qətərin adı keçsə də, başqa ölkələr və qruplar da var. Avroparlamentdə fəaliyyət göstərən anti-Azərbaycan qrupu da bu şəbəkənin içindədir.
Avropa İttifaqı ətrafında minlərlə lobbi təşkilatları və qrupları fırlanır, onlardan biri də erməni mafiyasının Belçikadakı əsas siması sayılan Kaspar Karapetyandır. Eyni vaxtda Yunanıstan, Ermənistan və Luksemburq vətəndaşı olan Karapenyan Ermənistanın maraqlarının müdafiəsi üçün avropalı məmur və deputatlara milyonlarla vəsait paylayıb.
Avropa Parlamentində təmsil olunan 33 nəfərlik “Ermənistanla dostluq qrupu”nun üzvlərinin də bu şəbəkədə olduğu bildirilir. Avropa Parlamentində Azərbaycan və Türkiyəni hədəfləyən bəyanatlar AP adından elan edilsələr də, onların əksəriyyəti “33 nəfərlik qrup” tərəfindən imzalanır. Bu deputatların bir qismi Karapetyanın maliyyəsi ilə Ermənistana səfərlər ediblər.
Ümumilikdə, Avropa Parlamentindəki korrupsiya qalmaqalında 70-ə yaxın deputatın adı keçir.
Avropa parlamentində belə səviyyədə korrupsiya mexanizmi qurulubsa, milli parlamentlərdə də eyni halın olduğuna şübhə yoxdur. Bu onun göstərir ki, Avropa İttifaqında ciddi islahatlara və deputatarın, tanınmış siyasiləri fəaliyyətinin ciddi təftişə ehtiyacı var. Əks halda Avropa İttifaqı dünya ictimaiyyəti üçün korrupsiya ocağı, bu cinayətin törədilməsinin başlıca mənbəyi sayıla bilər. Odur ki, Avropa İttifaqı Parlamentinin Eva Kayli, Vartan Sirmarkes kimi cinayətkarların ləkəsindən təmizləməsi vacibdir. Bu, ilk növbədə onun uğurunda mübarizə apardığı dəyərlər hörmət olar, onun fəaliyyəti üzərinə düşən kölgəni aradan qaldırar.
“Report” İnformasiya Agentliyi