“Mədəniyyət” kanalı yanvarın 15-də “Xudafərin” adlı yeni layihəsini təqdim edib.
Oxu.Az xəbər verir ki, “Xudafərin” könlü Təbriz həsrəti, qəlbi güney ayrılığı ilə qubarlanan yurddaşlarımızın o tayla bağlı arzularına, məramlarına həsr olunub.
Verilişdə şair Turan Uğurun simasında nəsli-nəcabəti Arazın o tayında qalan insalarımızın dərdləri, ağrıları dilə gətirilib.
Bu gün aktual olan Güney Azərbaycan mövzusunu özündə ehtiva edən veriliş 21 Azər hərəkatı iştirakçılarının ailələri üçün böyük töhfə sayılıb. Verilişdə güneyli şairlərimiz Balaş Azəroğlu, Mədinə Gülgün, Əli Tudə, Söhrab Tahir yaradıcılığına toxunulmaqla Təbriz ədəbi mühitinə də işıq salınıb.
Verilişin ssenari müəllifi və aparıcısı Turan Uğur, quruluşçu rejissoru Cəmil Şirinbəyli, quruluşçu operatoru Elxan Novruzov, redaktoru isə Sevinc Mütəllibovadır.
Veriliş ayda bir dəfə Mədəniyyət TV-də yayımlanacaq.