Əslən Təbriz şəhərindən olan, İran və Asiya futbolunun tanınmış siması Kərim Baqiri Xoy şəhərində baş vermiş güclü zəlzələdən zərər görən şəxslərə yardım məqsədi ilə elektron ianə hesabı açıb.
Sabiq futbolçu həmvətənlərinə səslənərək hazırda küçədə gecələmək məcburiyyətində qalan xoylulara yardım üçün pul yığdığını açıqlayıb.
Lakin veteran futbolçunun bu elanından iki saat sonra onun bank hesabı İran hökuməti tərəfindən bloklanıb.
Maraqlıdır ki, baş verən hadisədən sonra bank xidmətindən heç kim Kərim Baqiri ilə əlaqə yaradaraq onun hesabının hansı səbəbdən bloklandığı barədə izahat belə verməyib.
Xatırladaq ki, iki gün öncə İranın şimal-qərbində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində azı üç nəfər ölüb, 1000-dən artıq şəxs yaralanıb. Zəlzələdən zərər görmüş vətəndaşlar mətbuata verdikləri açıqlamalarda yaşadıqları evlərin uçması səbəbindən soyuq hava şəraitində köməksiz qaldıqlarını, qida çatışmazlığından, lazımi tibbi yardımın göstərilmədiyindən bəhs edib, eyni zamanda körpə uşaqların və yaşlı insanların soyuqdan əziyyət çəkdiklərini, lazımi sayda çadır verilmədiklərini bildiriblər.
Mənbə: İranwire