• Ça. Noy 26th, 2024

Qusman: “Azərbaycanın səfirliyinə hücumu nə izah etmək, nə də əsaslandırmaq olar”

ByYenigun.news

Fev 1, 2023

“Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən cinayəti nə izah etmək, nə də əsaslandırmaq mümkündür. Kimsə bunun tək terrorçunun cinayəti olduğunu desə də, mənə elə gəlir ki, bu, hərtərəfli araşdırma tələb edir”.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında TASS agentliyinin baş direktorunun birinci müavini bildirib.

O, bu cinayətin İran hakimiyyəti tərəfindən hərtərəfli araşdırılmasının vacibliyini vurğulayıb.

“Bu hadisəni törətməsinə səbəb nə idi? İcraçının arxasında kimsə dayanıbmı? Onun cinayət ortağı olubmu? Ona silahı kim verib? Tehranda “Kalaşnikov” avtomatının mağazalarda satıldığını düşünmürəm. Bütün bunlar böyük suallar doğurur. İran mətbuatında uzun müddətdir davam edən anti-Azərbaycan isteriyasını təsəvvür etsək, o zaman bütün bunların çox üzücü olduğunu söyləyə bilərik”, – M.Qusman vurğulayıb.

Onun fikrincə, terrorun milli mənsubiyyəti yoxdur və ona sərt cavab və cəza verilməlidir: “Azərbaycan Prezidenti İlham Əliyevin haqlı olaraq dediyi kimi, müasir dünyada terrora yer yoxdur. Belə olan halda Azərbaycan vəziyyəti düzgün ölçüb-biçir və hesab edirəm ki, İrandan müvafiq izahat və qərarlar tələb edəcək. Əlavə etmək istəyirəm ki, daha böyük fəlakətin qarşısını həyatı hesabına almış əsl qəhrəman – səfirliyin mühafizə rəisi Orxan Əsgərov həlak olub. Orxan Əsgərovun ailəsinə başsağlığı verirəm”.

Xatırladaq ki, yanvarın 27-də səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Terrorçu diplomatik nümayəndəliyin mühafizə postuna soxulub və təhlükəsizlik xidmətinin rəhbərini “Kalaşnikov” avtomatı ilə qətlə yetirib. Səfirliyin daha iki mühafizəçisi isə yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir