Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyevin son vəziyyəti açıqlanıb.
Onun anası Təranə Tağıyeva Oxu.Az-a açıqlamasında bildirib ki, oğlunun vəziyyəti nisbətən yaxşıdır:
“Hadisə zamanı altı qəlpə yarası alıb. Hazırda oğlum xəstəxanadadır və müalicəsi davam etdirilir. Biz də onunla görüşdük. Vəziyyəti bir az yaxşıdır”.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı – Mahir İmanov və Vasif Tağıyev hücumun qarşısını alarkən yaralanıb.
Öldürülən baş leytenant O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
İlhamə Əbülfət