2 Fevral – Gənclər Günündə “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvlərinin, Vətən müharibəsi qazilərinin və üzv gənclərin iştirakı ilə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilib. Gənclər dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyublar. Daha sonra Şəhidlər xiyabanını ziyarət edən gənclər ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və qürurla yad ediblər.
“Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənc SİMA” İctimai Birliyinin tərəfdaşlığı ilə baş tutan silsilə tədbirlər çərçivəsində gənclər arasında “Poliqon” strateji intellekt oyunu keçirilib. Müraciəti müsbət dəyərləndirilmiş 100 nəfər gənc komandalar şəklində qalibiyyət uğrunda mübarizə aparıb. Dörd mərhələdən ibarət olan intellektual oyunda təqdim olunan suallara ən çox düzgün cavab verən “Ərgünəş” komandası qalib gəlib. “Suqovuşan” və “Çələbi” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qaliblər sertifikat və medallarla təltif olunub, müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Gənclər üçün həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə elmləri üzrə doktor, psixoloq Elnur Rüstəmovun təqdimatında “Gəncliyin rəngləri” mövzusunda seminar təşkil olunub. Seminarda iştirak edən gənclər “Erkən gənclik dövründə şəxsiyyətin yeni keyfiyyətləri”, “Gəncliyin sosial-psixoloji xarakteristikası”, “Gənclik dövründə şəxsiyyətin inkişafı”, “Gənclik dövründə ictimai fəallıq və dünyagörüşünün formalaşması” mövzuları üzrə faydalı məlumatlar əldə edib, onları düşündürən suallara cavab tapıblar.
Həmçinin Gənclər Günü münasibətilə təşkilatın fəaliyyətində aktivlik göstərən üzv gənclərin, gənc Vətən müharibəsi qazilərinin və “Qayıdış” Təcrübə Proqramının iştirakçılarının təltifetmə mərasimi keçirilib. Mərasimdə rəsmi şəxslər, təşkilatın idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri və tərəfdaş qurumların nümayəndələri iştirak ediblər. Natiqlər çıxışlarında hər il ölkəmizdə təntənəli surətdə Azərbaycan Gəncləri Günü kimi qeyd edilən bu əlamətdar tarixin uzaqgörən siyasətçi, dahi lider Heydər Əliyevin adı ilə bağlı olmasını diqqətə çatdırıblar. Qeyd olunub ki, əsası ulu öndər tərəfindən qoyulan gənclər siyasətinin əsas hədəflərindən biri gənclərin cəmiyyət həyatının bütün sferalarında aktiv iştirakını təmin etmək olub. Ümummilli liderin layiqli siyasi varisi və davamçısı Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün gənclər siyasətini qətiyyətli və uğurlu şəkildə icra edir. Bu uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan gəncliyi Vətən müharibəsi dövründə istər ön cəbhədə, istər arxa cəbhədə, istərsə də informasiya müharibəsində aktiv şəkildə iştirak edərək öz gücünü göstərmişdir. Həmçinin o da vurğulanıb ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qalib xalqın gəncləri bu gün cəmiyyətimizin ən fəal hissəsi kimi ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər. İşğaldan azad olunmuş ərazilərimizin dirçəldilməsində, əzəli torpaqlarımızda həyatın yenidən bərpa olunmasında və “Böyük Qayıdış” prosesində gənclərin aktiv iştirakı ilə bağlı gözləntilər də böyükdür. Bu xüsusda, “Böyük Qayıdış” Gənclər Təşkilatın fəaliyyətində aktiv iştirak edən gənclərin təşəbbüslərini yüksək qiymətləndirən çıxışçılar bu nəcib dəstəyə görə onlara öz təşəkkürlərini bildiriblər. Təltiflərdən sonra tədbir yaradıcı gənclərin təqdimatında bədii hissə ilə davam edib.