Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini Elnur Məmmədov cari ilin 31 yanvar – 1 fevral tarixlərində Niderland Krallığına işgüzar səfəri baş tutub.
Bu barədə XİN məlumat yayıb.
Səfər çərçivəsində, 1 fevral tarixində nazir müavini Elnur Məmmədov Niderland Xarici İşlər Nazirliyinin Siyasi məsələlər üzrə Baş Direktor müavini Erika Sxouten ilə görüşüb.
Görüş zamanı, xanım Sxouten 27 yanvar tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş silahlı hücum aktını pisləyərək Azərbaycan səfirliyinin hadisə nəticəsində həlak olan əməkdaşı ilə bağlı mərhumun ailəsinə, Azərbaycan hökuməti və xalqına başsağlığını ifadə edib. Eyni zamanda E. Sxouten diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təminatının vacibliyini vurğulayıb.
Nazir müavini öz növbəsində Niderland XİN-in hadisə ilə bağlı verdiyi bəyanata görə təşəkkürünü ifadə edib və Haaqada Azərbaycan səfirliyinin təhlükəsizliyinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra tərəflər bölgədəki vəziyyəti müzakirə edib. Hazırda Laçın yolu ilə bağlı vəziyyət haqqında məlumat verilərək Azərbaycan-Ermənistan normallaşma prosesi və Avropa İttifaqının buradakı rolu ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda tərəflər bu il üçün planlaşdırılan siyasi məsləhətləşmələrin növbəti mərhələsinin yaxın vaxtlarda Bakı şəhərində keçirilməsi barədə razılığa gəliblər.
Eyni gündə, Elnur Məmmədov Niderland Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin DENK partiyasının üzvü millət vəkili Tunahan Kuzu ilə, daha sonra isə Komitənin sözcüsü, eləcə də D66 partiyasının millət vəkili Şurd Şurdsma ilə görüşüb.
Görüşlər zamanı hər iki millət vəkili Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktından təəssüfləndiyini bildirərək hadisə nəticəsində həlak olan Səfirlik əməkdaşı ilə bağlı Niderland tərəfinin başsağlığını ifadə ediblər.
Nazir müavini başsağlığına görə təşəkkür edib. Elnur Məmmədov, həmçinin 30-31 yanvar 2023-cü il tarixlərində Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə (Ermənistan Azərbaycana qarşı və Azərbaycan Ermənistana qarşı) əlavə müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə tərəflərin sorğusu üzrə aparılan açıq dinləmələrin gedişatı haqqında məlumat verib. Bununla yanaşı, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki ərazilərində minaların və partlayıcı tələlərin qəsdən yerləşdirilməsinin davam etməsi və Laçın yolundakı cari vəziyyət barədə qarşı tərəfi məlumatlandırıb.