Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Angela Merkellə videokonfrans rejimində danışıqlar aparıb.
“Yenigun.news” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə ilə Aİ arasında ikitərəfli əlaqələr və münasibətlər müzakirə olunub.
Prezident Ərdoğan iki ölkə arasındakı münasibətlərin Almaniyada keçiriləcək parlament seçkilərindən sonra da sağlam və strateji baxış çərçivəsində inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Dövlət başçısı Türkiyə-Aİ münasibətlərində əldə edilən impulsu qoruyub saxlamağa çağırıb. Bununla yanaşı, o qeyd edib ki, Yunanıstan təxribatçı əməllərini davam etdirir, Türkiyə isə müsbət gündəliyin saxlanmasına yönəlmiş təmkinli mövqe nümayiş etdirir. Türkiyə Prezidenti xüsusilə qeyd edib ki, Afina, beynəlxalq hüquqa zidd olaraq, Ege dənizində sığınacaq istəyənlərin sıxışdırılması praktikasını davam etdirir.
Daha sonra Prezident Ərdoğan Əfqanıstanı NATO-nun imkanları və potensialından istifadə etməklə daha səmərəli şəkildə dəstəkləmək üsullarının müzakirə edilməsinin zəruriliyini qeyd edib.
Liviyada baş verən son hadisələrə toxunan dövlət başçısı Türkiyənin Liviyanın Milli Birlik Hökumətini bu ölkədə sabitliyin qorunması üçün dəstəklədiyini, Ankaranın bu istiqamətdə Almaniya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.