Möhtərəm Prezidentimiz İlham Əliyev YAP-ın VII qurultayındakı nitqində qeyd etmişdir ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbər seçildiyi gün Azərbaycanı yüksəlişə, inkişafa aparan yolun başlanğıcı idi. Ulu öndərin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə bütün sahələrdə inkişafa, tərəqqiyə nail olunmuş, respublikamız SSRİ-nin nüfuzlu, sayılıb-seçilən respublikalarından birinə çevrilmişdi. Ümummilli liderimizin polad iradəsi, prinsipiallığı nəticəsində həyata keçirilən möhtəşəm tədbirlər Azərbaycanın gələcək müstəqilliyinin iqtisadi bazasının yaradılmasında mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan iqtisadiyyatının inkişafında neft sənayesinin rolunu dərindən dərk edən Heydər Əliyev bu sahənin inkişafı üçün böyük işlər görmüşdü. Belə ki, yeni yataqların qazılması, müasir, mütərəqqi texnologiyaların neft sənayesinə tətbiqi Heydər Əliyevin böyük zəhməti, yüksək idarəetmə qabiliyyəti sayəsində mümkün olmuşdu.
Heydər Əliyevin ikinci dəfə hakimiyyətdə olduğu 1993-2003-cü illərdə də Azərbaycan iqtisadiyyatının dinamik inkişafına nail olunmuş, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə böyük uğurlara imza atılmış, ölkəmizin beynəlxalq aləmdə siyasi imici yüksəlmiş, Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi, sarsılmazlığı təmin olunmuşdur.
1993-cü ili xatırlayaq. Həmin vaxt hakimiyyətin savadsız və qətiyyətsiz adamların əlində olması milli dövlətçiliyimizin taleyini təhlükə altında qoyurdu. Ölkəmizin ədalətsiz müharibəyə sürüklənməsi, torpaqlarımızın işğalı, daxili çəkişmələr, dərin siyasi-iqtisadi böhran, vətəndaş qarşıdurması müstəqilliyimizin ilk illəri üçün səciyyəvi olan ağrılı bir cəhət idi. O vaxt ulu öndər Heydər Əliyev xalqın təkidi və tələbi ilə siyasi hakimiyyətə qayıtmasaydı, idarəçiliyin sükanını öz əlinə almasaydı, milli azadlığımız uğrunda qətiyyətli mübarizə aparmasaydı, kim bilir, dövlətçiliyimizin taleyi necə olacaqdı! O, 1993-cü ilin oktyabr ayında ölkə başçısı seçildikdən sonra müstəqilliyimiz uğrunda daha ciddi və cəsarətli addımlar atmağa başladı, titanik zəhmət bahasına Azərbaycanı bütün dünyaya tanıtdı. Dövlətçilik ənənələrindən bəhrələnmiş yeni siyasət Azərbaycana yeni həyat, müasirlik, qarşısıalınmaz inkişaf bəxş etdi. Bu siyasətin müəllifi olan ulu öndərimiz müasir hüquqi və dünyəvi dövlətin qurulması, bu dövlətdə yaşayan insanların hüquq və azadlıqlarının mühafizəsi sahəsində çox böyük iş görüb, tariximizdə heç vaxt bu qədər böyük və möhtəşəm dövlətçilik fəaliyyəti həyata kesirilməyib.
Məhz ümummilli liderimiz Heydər Əliyevin gərgin səyi nəticəsində azərbaycanlı gənclər SSRİ-nin qabaqcıl elm və təhsil müəssisələrinə oxumağa göndərilmişdi. Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması ulu öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən idi.
İndi Heydər Əliyevin memarı olduğu müstəqil respublikamız sürətli və geniş inkişaf yolundadır. Bizim hazırkı daxili və xarici siyasət konsepsiyamız ən geniş mənada dövləti xalqa, xalqı dövlətə möhkəm və qırılmaz tellərlə bağlayır. Ölkənin bütün guşələrində əmin-amanlıq və sabitlik, qarşısıalınmaz inkişaf hakimdir, torpağımızın hər qarışında ulu öndərimizin iradə və əzmkarlığı öz bəhrələrini verir, həyatımıza şanlı qələbələrin yazılması təmin edilir. Bütün bunların nəticəsində müstəqilliyimizin dayaqları möhkəmlənir, gələcək nəsillərin firavan həyatı üçün etibarlı təminat yaranır. İnanırıq ki, xalqımızın nailiyyətləri bundan sonra daha da möhkəmlənəcək, müstəqil respublikamız öz qüdrətini artıracaqdır. Biz daha güclü dövlətə çevriləcəyik, heç kəsdən nə siyasi, nə də iqtisadi asılılığımız olmayacaq. Əslində belə asılılıq indi yoxdur, möhtərəm Prezidentimiz cənab İlham Əliyev bunu dəfələrlə bəyan etmişdir. Müstəqilliyimizin başlıca göstəricisi də məhz budur.
Heydər Əliyev Cəlilabad camaatının da sevimlisidir. Onun ayağı dəyən hər bir guşə insanların and və güman yeridir. Parlaq düha sahibi bu hörmət-izzəti hələ sağlığında özünün pak əməlləri və tükənməz qayğıkeşliyi ilə qazanmışdır. O, bir neçə dəfə rayonumuzda olmuş, kənd təsərrüfatı və digər sahələrdə çalışan insanlarla görüşərək onların problemləri ilə maraqlanmış, bu problemlərin həlli istiqamətində zəruri addımlar atılmış, təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Onun böyük diqqət və qayğısı sayəsində Cəlilabad rayonunun sosial-iqtisadi, mədəni və digər sahələrində yüksək irəliləyişlərə nail olunmuş, neçə-neçə həmyerlimiz Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ada, dövlət mükafatlarına layiq görülmüş, müxtəlif orden və medallarla təltif olunmuşlar. Vaxtilə əhalinin rifahının daha da yaxşılaşdırılmasında, yeni iş yerlərinin açılmasında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsində möhtəşəm işləri yada salmamaq mümkün deyildir. Buna görə də Azərbaycanın bütün oğul və qızları kimi, rayonumuzun sakinləri də müstəqillik və istiqlaliyyət ideyalarını göz bəbəyi kimi qorumalı, yaşatmalı və ulu öndərimizin amallarını ləyaqətlə həyata keçirməlidir. Unutmayaq ki, bizim bu günümüz kimi, sabahımız da ulu öndərimizin ideyalarıı üzərində köklənib və biz həmin ideyaların işığında daha da irəli gedəcəyik.
Fəxrəddin Abasov Cəlilabad şəhər sakini
Yenigun.news