Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov ölkədə səfərdə olan Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Kreydenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Görüş zamanı Azərbaycan və Ukrayna arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, müxtəlif fəaliyyət sahələri üzrə münasibətlərin daha da genişləndirilməsi, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Görüşdə iki ölkə arasında beynəlxalq hüququn prinsiplərinə, o cümlədən suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan münasibətlərin inkişafında mövcud siyasi dialoqun mühüm rol oynadığı vurğulanıb. Azərbaycan və Ukrayna arasında əlaqələrin genişlənməsində Azərbaycan Respublikasının Milli Məclisində fəaliyyət göstərən Azərbaycan-Ukrayna, o cümlədən Ukrayna Ali Radasında fəaliyyət göstərən Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qruplarının fəaliyyətləri yüksək qiymətləndirilib.
X.Xələfov həmçinin qarşı tərəfi regionda sülh gündəliyinin həyata keçirilməsi və Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə ətraflı məlumatlandırıb.
V.Kreydenko, öz növbəsində, Azərbaycan tərəfinin mövqeyinə və göstərdiyi humanitar yardımlara görə Azərbaycan dövlətinə və xalqına təşəkkürünü ifadə edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.