“Ermənistanın Azərbaycanın bir zamanlar işğal altındakı ərazilərində qeyri-qanuni fəaliyyəti ilə bağlı məsələyə hüquqi müstəvidə baxılmalıdır. Bu prosesin sülh müqaviləsinin imzalanması prosesinə heç bir təsiri yoxdur, lakin bu, ayrıca müzakirə olunur”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında Azərbaycanın Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq Ermənistana qarşı dövlətlərarası arbitraj prosesinin başlamasına münasibət bildirərkən deyib.
“Bu, Azərbaycanın dövlətlərarası səviyyədə qaldırdığı yeganə arbitraj və ya məhkəmə prosesi deyil. Bu, bizim Ermənistana qarşı qaldırdığımız yeganə iddia deyil”, – XİN rəhbəri bildirib.
Onun sözlərinə görə, Azərbaycan son 30 ildə ölkənin təbii sərvətlərinin Ermənistan tərəfindən qeyri-qanuni istismarı faktlarının toplanması prosesi üçün xeyli hazırlıq işləri görüb:
“Bu, iki illik intensiv fəaliyyətdir. Burada Azərbaycanın təbii sərvətlərinin talanmasında bilavasitə iştirak etmiş Ermənistan Respublikasına qarşı tələblərin qanuniliyini sübut edən bir çox komponent var. Bəs bu prosesin sülh müqaviləsi layihəsi ilə əlaqəsi varmı? Xeyr, inanırıq ki, bunlar bir-biri ilə əlaqəli olmayan iki yoldur. Bu, bizim Ermənistana qarşı bu ərazilərdə qanunsuz fəaliyyətə görə iddialarımızdır. Hesab edirik ki, bu məsələyə hüquqi müstəvidə baxılmalıdır. Eyni zamanda, biz sülh müqaviləsi barədə danışarkən gələcək barədə düşünürük. Belə ki, bu iki prosesi bir-birinə qarışdırmırıq”.