• Şb. Noy 23rd, 2024

Qarabağdakı erməni sakinlərlə görüşlər başladı – Bakı istəyinə nail olur – ŞƏRH + FOTO

ByYenigun.news

Mar 1, 2023

“Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs Ramin Məmmədovun martın 1-də Rusiya sülhməramlı kontingentinin qərargahında ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə keçirdiyi görüş onu göstərir ki, Azərbaycan tədricən öz istəklərinə nail olur”.

Bunu “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, Qarabağda hələ də təhlükəsizlik tam təmin olunmayıb:

“Buna baxmayaraq, dialoq təmin edilib. Azərbaycan Laçın yolunda nəzarəti gücləndirir. Həmçinin terrorçu Ruben Vardanyan artıq Qarabağdan qovulub. Bütün bunlar onu göstərir ki, rəsmi Bakı öz məqsədləri uğrunda inamla irəliləyir. Bizim əsas istəyimiz ondan ibarətdir ki, prosesə mane olan qüvvələr müqavimətin mənasız olduğunu başa düşsünlər. Əgər müqavimət davam edərsə, Azərbaycan adekvat tədbirlər görə bilər”.

Siyasi icmalçının sözlərinə görə, baş verən proseslər Laçın yolu mövzusundan sui-istifadə edərək Azərbaycana qarşı aparılan kampaniyaların iflasa uğradığını göstərir:

“İndi bizim əsas məqsədimiz Laçın yolunda nəzarət-keçid məntəqəsinin yaradılmasıdır. Kimsə buna mane ola bilməz. Rusiya xarici işlər naziri Sergey Lavrov fevralın 28-də Bakıda bəyan edib ki, bu, üçtərəfli sənədlərdə qeyd olunmayıb. Bunu biz də bilirik. Əgər Lavrov üçtərəfli sənədə istinad edirsə, söyləməliyik ki, orada Zəngəzur dəhlizinin statusu da konkret olaraq göstərilməyib. Həmçinin sənədlərdə erməni terrorçularının Qarabağdan çıxarılmasının vacibliyi barədə müddəa var. Rusiya sənədlərdəki tələblərin icrasında maraqlıdırsa, Ermənistandan bunu tələb etməlidir. Yəni Moskva öhdəlikləri öz istədiyi kimi qiymətləndirirsə, bunu biz də edə bilərik”.

Analitikin sözlərinə görə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə növbəti görüşlər Bakıda, Ağdamda, Gəncədə də keçirilə bilər:

“Bizim üçün utopik nəsə yoxdur. Vətən müharibəsi göstərdi ki, hadisələrin inkişaf istiqamətlərini biz müəyyənləşdiririk. Azərbaycanın həyata keçirdiyi güclü diplomatiya bütün məqsədlərimizin reallaşmasına imkan verir. Üç il əvvələ kimi bəziləri deyirdilər ki, Azərbaycan Şuşanı azad edə bilməz. Lakin biz bunu bacardıq. Yəni Qarabağdakı ermənilər tez-gec Azərbaycanın vətəndaşlığını qəbul edəndən sonra görüşlər paytaxt Bakıda da keçirilə bilər. Ümumiyyətlə, bu təmaslar davam etməlidir. Biz hələ prosesin astanasındayıq”.

Qeyd edək ki, bu gün, martın 1-də Milli Məclisin deputatı Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.

Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar davam etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir